Jurnalistin işi ona 8 il cəza kəsən məhkəməyə qaytarıldı

“Kanal 11” internet televiziyasının həbsdə olan rəhbəri Teymur Kərimov haqqında cinayət işi, ona 8 il cəza kəsən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb. Aprelin 10-da apellyasiya məhkəməsi buna qərar verib.

Bakı Apellyasiya Məhkəməsində jurnalistin özü və vəkili aşağı instansiya məhkəməsində iclas protokollarının saxtalaşdırılmasından şikayətlənib. Vəkil Nemət Kərimli deyib ki, Bakı Ağır Cinayətlər Məhkəməsindəki prosesin audioyazısıyla protokollarda yazılanları müqayisə edəndə çoxsaylı təhrif və ziddiyyətlər olduğu görünür. Müdafiəçi bununla bağlı qeydlərini diqqətə yetirib: “Xahiş edirəm, bu iş apellyasiya məhkəməsinin baxışından çıxarılsın və məsələnin araşdırılıb qərar verilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsin”.

Jurnalist T.Kərimovun fikrincə, onunla bağlı məhkəmə prosesində yaşananlar protokollarda qəsdən saxtalaşdırılmış şəkildə əks olunub: “Bilə-bilə saxtalaşdırıblar…”.

Anar İbrahimovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin edib. Protokollara qeydlərlə əlaqədar cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb.

AzadlıqRadiosu