Həbsdəki jurnalist qadınlar azad edilsin – BƏYANAT

 

Müsavat Partiyası Məclisinin Gender Komissiyası jurnalist qadınların qanunsuz həbsləri və təzyiqlərlə üzləşməsinə dair narahatlığını ifadə edən bəyanat yayıb. Bəyanatda qeyd edilir ki, media nümayəndələrinə, xüsusilə qadın jurnalistlərə qarşı repressiyalar ifadə azadlığına ciddi zərbə vurur və demokratik prinsiplərə ziddir. Komissiya beynəlxalq ictimaiyyəti bu hallara diqqət yetirməyə və hökuməti hüquqi dövlət prinsiplərinə riayət etməyə çağırır:

“Azərbaycanda müstəqil medianın susdurulması, xüsusilə qadın jurnalistlərin təzyiq və təhdidlərlə üzləşməsi yalnız ifadə azadlığının məhdudlaşdırılması deyil, həm də ölkənin demokratik inkişafına ciddi əngəl yaradılması deməkdir.

Müstəqil jurnalistlərimizin bütün maneələrə, təzyiqlərə baxmayaraq, cəmiyyətin maraqları, maariflənməsi və həqiqətlərin üzə çıxarılması uğrunda fəaliyyəti, onların cəsarəti və qətiyyəti cəmiyyət üçün bir örnəkdir.
Sevinc Vaqifqizi, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aysel Umudova, Aynur Elgünəş, Elnarə Qasımova, Nərgiz Absalamova, Fatimə Mövlamlı, Ülviyyə Əli şəxsi təhlükəsizliklərini riskə ataraq, həqiqətləri cəmiyyətə çatdırmaq üçün böyük əzmkarlıq nümayiş etdirirdilər. Lakin onların bu fədakarlığına qarşılıq olaraq təqiblərə, təhdidlərə və həbsə məruz qalması fundamental insan hüquqlarına, söz və ifadə azadlığına vurulan böyük zərbədir.

Bu qadınlar yalnız jurnalist deyil, həm də dəyişiklik uğrunda mübarizənin simvoludurlar. Onların susdurulması naminə atılan hüquqa zidd addımlar söz azadlığına qarşı təhdid olmaqla yanaşı, həm də qadınların cəmiyyətdəki roluna qarşı yönəlmiş bir hücumdur.

Müsavat Partiyasının Gender Komissiyası hesab edir ki:

1. Törətdikləri hər hansı cinayət əməlinə görə deyil, peşə fəaliyyətinə görə həbs edilən qadın jurnalistlər dərhal azad edilməlidir.

2. Hökumət qadın jurnalistlərin cəmiyyətə verdiyi töhfələri tanımalı, onların fəaliyyətinə mane olan hər hansı basqılardan çəkinməlidir.

3. Söz və ifadə azadlığının təmin edilməsi, xüsusilə qadın jurnalistlərin sərbəst fəaliyyət göstərməsi üçün zəruri hüquqi şərait yaradılmalı, media azadlığını məhdudlaşdıran hüquqi və praktiki təhdidlərə son qoymalıdır.

Müsavat Partiyasının Gender Komissiyası hökuməti müstəqil media fəaliyyəti ilə məşğul olan jurnalistlərin fəaliyyətinin əhəmiyyətini qəbul etməyə, ölkənin demokratik inkişafının qarşısını alan təhdidlərə son qoymağa, hüquqi dövlət prinsiplərinə riayət etməyə, beynəlxalq ictimaiyyəti bu hallara diqqət yetirməyə çağırır.

Müsavat Partiyasının Gender Komissiyası bildirir ki, cəmiyyətin güclənməsi qadınların, xüsusən də qadın jurnalistlərin səslərinin eşidilməsi ilə mümkündür.

Müsavat Partiyasının Gender Komissiyası olaraq, bir daha vurğulayırıq ki, azad media və gender bərabərliyi yalnız qadın jurnalistlərin deyil, bütövlükdə Azərbaycanın gələcək demokratik inkişafının təminatıdır.

Müsavat Partiyasının Gender Komissiyası

14 May, 2025″

Basta