Tək təsəlli

Hikmət Sabiroğlu

2020-ci il. Oktyabrın əvvəli. Müharibə gedir. Qazilər dolu hospitalın qarşısında dostlarla dərdləşirəm. Deyirəm bu savaş ölkəni tam dəyişər, mənəm-mənəmlik gedər, daha nə basqı olar, nə haram…

Simsar zabit ərklə sözümü kəsir:

– Özünü aldatma. Heç nə dəyişməyəcək.

***

“Heç nə dəyişməyəcək”. Yadımdan çıxmır heç. Milli mətbuatın 148 yaşı ərəfəsində də sinəmdən daş kimi asılır.

…Jurnalistika üç təmələ bağlıdır: rəqabətli iqtisadiyyatdan doğan geniş reklam bazarı; rəqabətli ictimai-siyasi mühitdən doğan oxucu-dinləyici-tamaşaçı-izləyici bolluğu, maneəsiz və təhlükəsiz çalışmaq imkanı. Bunlar yoxdursa, jurnalistika da yox kimidir.

İnhisar buxovu geniş reklama yer qoymur. Kasad bazarda isə yalnız seçilmişlərə meydan var, sistemə uyğunsuz media bir manata da ümid edə bilmir.

İctimai-siyasi həyat söndürülüb. Dartışma (fikir müxtəlifliyi) müstəvisi olmayan media oxucu-dinləyici-tamaşaçı-izləyici marağı doğurarmı?

Maneə, təhlükə də öz yerində: jurnalistin başına nə iş gəlmir, hansı əməli görünməmiş sayarsan?..

Bütün bunlar çox məyusluq doğurur: 2020-ci ildə bayrağı dikələn ölkəni tam başqa cür təsəvvür edirdin, ağlına gəlmirdi ki, jurnalisti jurnalist saymayan media qanunu ortaya çıxar.

Yurd yerləri işğalda olan vaxt cəmiyyət çox əzilib. Şəhid ruhlarını sızladan əzilmə görmüşük.

İşğal tam bitməsə də, böyük qələbə var indi. Zəfər bayrağı altında əzilmək də şəhid ruhlarını sızladır…

…“Sərhədsiz reportyorlar” təşkilatının 2002-ci ildən tərtib etdiyi media azadlığı hesabatlarına baxıram. Siftə hesabatda Azərbaycan 101-ci yerdə olub. Sonrakı illərdə 168-ci yerə qədər enib, ən yaxşı halda 113-cü yerdə göstərilib.

2023-cü ildə 151-ci yerə layiq görülüb. 180 ölkə arasında. Ermənistan 49-cudur həmin siyahıda.

Bu hesabatlarsız da hər şey ortadadır.

2002 asan il deyildi. Neçə il daranmışdı cəmiyyət, öləzimişdi. Amma aparatdan tezis yox, eldən sifariş alan media vardı – çox fərqli mühit…

***

2020-ci ilin payızında “Bu savaş ölkəni tam dəyişər” ümidimə “Heç nə dəyişməyəcək” hökmü vermiş zabit könlümü alır:

– Qəm yemə, bunları səndən bir az yaxşı tanıyıram…

Sistemi içdən bilən adamdır.

…Bu kədərli mənzərədə tək təsəlli var: əsirlik görmüş yurd yerlərində ucalan bayrağımız, şəhid əmanəti bayrağımız!

Novator.az