“Abzas Media işi”: “İstintaqda sənədləri qabağıma qoyub imzalatdırırdılar”
Mayın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Abzas Media işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Rasim Sadıxovun sədrliyilə keçirilən prosesdə bütün sənədlər elan olunmuş hesab olunub.
Daha sonra təqsirləndirilən Elnarə Qasımova və Nərgiz Absalamovanın vəkilləri digər təqsirləndirilən şəxs Məhəmməd Kekalova sual ünvanlayıblar. Belə ki, iş üzrə sənədlərdə qeyd olunub ki, guya Elnarə Qasımova, Hafiz Babalı və Nərgiz Absalamova qaçaqmalçılıqla əldə olunan vəsaitləri ölkə daxilində leqallaşdırıblar.
Məhəməmməd Kekalov isə bununla bağlı suala cavabında bildirib ki, istintaqa belə ifadə verməyib və ümumiyyətlə bu sözləri ilk dəfə eşidir. Kekalov əlavə edib ki, o, sadəcə qarşısına qoyulan sənədləri imzalayıb.
Məhkəmə mayın 16-na təxirə salınıb.
2023-cü ilin noyabrın 20-dən etibarən Azərbaycanda korrupsiya araşdırmaları aparan “Abzas Media” nəşrinin 6 əməkdaşı – direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı, ötən ilin mayında isə “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə “Abzas Media işi” çərçivəsində həbs edilib.
Jurnalistlərin hamısı əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar. Ötən ilin avqustunda isə “Abzas Media işi” üzrə həbs edilən şəxslərə qarşı ittihamlar ağırlaşdırılıb. İstintaqın irəli sürdüyü əlavə ittihamları da nəzərə alsaq, jurnalistləri 8 ildən 12 ilədək həbs cəzası gözləyir.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi motivli hesab edir və jurnalistlərin azad edilməsinə, onlara qarşı ittihamların ləğv olunmasına dair çağırış edirlər.
AbzasMedia
*Bizim şərh
Mayın 13-də “AbzasMedia” işi üzrə növbəti məhkəmə iclasında iştirak etmək üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə getmişdik. Məhkəmə təyin olunan vaxtdan 35 dəqiqə gec başladı (16:35).
Ülvi Həsənli buna etiraz etdi, “bizim vaxtımızdan gedir” dedi. Hakim cavab verdi ki, zalda başqa bir proses olduğu üçün bu iclas gecikib. Söz verdi ki, gələn dəfə belə bir şey olmayacaq.
Amma məhkəmə həm də planlaşdırıldığından 1 saat tez başa çatdı (17:00). Bu, məhbus üçün böyük əziyyətdir. Kürdəxanıdan şəhərin mərkəzinə saatla qaranlıq “alabaş”da yol gedib-geləsən, saatla zirzəmidə iclasın başlamasını gözləyəsən və iclas 25 dəqiqəyə başa çata…
Məndən soruşdular ki, məhkəmə niyə belə tez qurtardı. Cavab verə bilmədim.
Yadıma Tolstoyun “Voskresenye” əsəri düşdü: bir zavallı qızın (Katya Maslova) məhkəməsində andlılar təqsirləndirilən şəxsin qətldə təqsirgah bildiklərini, amma bunu qəsdən etmədiyi barədə rəy verirlər. Əslində bu, ədalətli rəy idi. Amma andlılar öz rəylərini protokola yazarkən, “qəsdən etmədiyi” ifadəsini qeyd etməyi unudurlar. Buna Maslovanın vəkili düzəliş edə bilərdi, amma protokol yazılarkən o, siqaret çəkmək üçün çölə çıxmışdı. Buna hakim də düzəliş edə bilərdi, amma həmin axşam onun bir məşuqəsi ilə görüşü vardı, düzəliş etmək üçün andlılara protokolu yenidən yazmağı tapşırmalı idi. O halda görüşə gecikəcəkdi, məşuqəsi onu tənbeh edəcəkdi. Ona görə, təqsirləndirilən qıza protokola uyğun olaraq ağır cəza kəsir, layiq olduğundan qat-qat ağır cəza…
Əsərin süjeti ondan ibarətdir ki, insana dəyər verilməyən rejimdə hər kəs bu rejimin qurbanı ola bilər…
Mustafa Hacıbəyli