Müsavat başqanından 28 May təbriki

Müsavat Partiyasının başqanı İsa Qəmbər 28 May – Cümhuriyyət Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

“Əziz həmvətənlər,
Əziz bacı və qardaşlar!

Sizi xalqımızın şərəf və qürur mənbəyi olan 28 May – Cümhuriyyət Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm!

1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi, Müsavat Partiyasının təşkilatçılığı və Azərbaycan xalqının iradəsi ilə Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Milli Şuranın Tiflisdə verdiyi bu tarixi qərar xalqımızın dövlətçilik salnaməsinin ən parlaq səhifələrindən birini təşkil edir. Qısa müddət ərzində geniş əraziləri əhatə edən və Şərqdə ilk demokratik respublika olan AXC, siyasi xəritədə azad və müstəqil dövlət kimi yer aldı.

M.Ə.Rəsulzadə bu böyük tarixi hadisəni belə dəyərləndirirdi:
“28 May 1918-ci ildə elan olunan Azərbaycan Şurayi-Millisi, sözün siyasi mənasında, bir millətin varlığını təsdiqlədi. Azərbaycan kəlməsi artıq sadəcə coğrafi və etnoqrafik yox, siyasi bir anlam kəsb etdi.”

Cümhuriyyətin mövcud olduğu 23 ay ərzində demokratik dəyərlərin təşviqi, insan haqlarının qorunması, ölkəmuzin ərazi bütövlüyünün bərqərar edilməsi və cəmiyyətin inkişafı istiqamətində mühüm addımlar atıldı. Avropanın bir çox ölkələrindən əvvəl qadınlara seçki hüququ verildi, müasir dövlət quruculuğu istiqamətində ciddi islahatlar həyata keçirildi.

Təəssüf ki, bu müstəqil dövlət bolşevik Rusiyası tərəfindən 1920-ci il aprelin 27-də yenidən işğal edildi. Lakin xalqımızın könlündə əbədi olaraq yaşayan istiqlal sevgisi heç vaxt sönmədi. M.Ə.Rəsulzadənin məşhur sözləri bu inamı ifadə edirdi:
“Bir kərə yüksələn bayraq, bir daha enməz!”

Nəhayət, 1991-ci il oktyabrın 18-də yenə də Azərbaycan xalqının iradəsi ilə, bu dəfə Əbülfəz Elçibəyin liderliyində və möhtəşəm xalq hərəkatı sayəsində
dövlət müstəqilliyimizi bərpa etdik.

Bu gün də təəssüflə qeyd etməliyik ki, ölkə hakimiyyəti uzun illərdir Cümhuriyyətin qurucularına, xüsusilə də böyük lider Məhəmməd Əmin Rəsulzadəyə qarşı ədalətsiz və qısqanc münasibət sərgiləyir, onu və silahdaşlarını cəmiyyətin yaddaşından silməyə çalışır. Ancaq xalqımız bu cəhdlərə rəğmən, Cümhuriyyət qurucularını unutmur, onlara yüksək hörmət və ehtiram göstərir.

Müsavat Partiyası olaraq biz, ölkədə həqiqi demokratik cəmiyyətin qurulması uğrunda mübarizəni davam etdiririk və inanırıq ki, demokratik idarəçilik bərqərar olduqdan sonra Məhəmməd Əmin Rəsulzadənin ideyaları tam şəkildə həyata keçəcək.

Əziz həmvətənlər!

Sizi bir daha 28 May – Respublika Günü münasibətilə təbrik edir, hər birinizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə isə uğurlar arzulayıram.
Yaşasın Azərbaycan Xalq Cümhuriyyətinin idealları!
Tanrı Azərbaycanımızı qorusun!