Zelenski Türkiyədən “əlidolu” qayıtdı
Rusiya ordusu Mariupolu işğal edərkən “Azovstal”ı iki aydan artıq qəhrəmancasına müdafiə edənlərin beş komandiri bir neçə ay Türkiyədə müşahidə altında qaldıqdan sonra Ukraynaya qayıdıblar.
Türkiyəyə rəsmi səfər edən və orada prezident Rəcəb Tayyib Ərdoğanla görüşən Ukrayna prezidenti Vladimir Zelenski hərbçiləri öz təyyarəsi ilə vətənlərinə aparıb.
İyulun 8-də günorta saatlarında Zelenskinin mətbuat xidməti Türkiyə tərəfinin beş hərbçini ona təhvil verdiyi, daha sonra birlikdə prezident təyyarəsinə minərək uçduğunu əks etdirən video yayımlayıb.
“Biz Türkiyədən vətənə qayıdırıq və qəhrəmanlarımızı vətənə qaytarırıq. Ukrayna hərbçiləri Denis Prokopenko, Svyatoslav Palamar, Serhiy Volınski, Oleq Xomenko, Denis Şleqa nəhayət ki, ailələrinin yanında olacaqlar”, – Ukrayna prezidentinin sosial şəbəkələrindəki videonun təsvirində deyilir.
Adı çəkilən komandirlər Mariupolun digər müdafiəciləri ilə birgə Rusiya tərəfindən əsir götürülmüşdülər. Sonradan əsirlərin mübadiləsi nəticəsində azad olunsalar da, Rusiya onların Türkiyəyə aparılması və bir daha döyüşlərə qatılmaması şərtini irəli sürmüşdü. Ukrayna tərəfi və həmin danışıqlarda vasitəçi olan Ərdoğan bu şərti qəbul etmişdilər.
Azovstalı müdafiə edən komandirlərin Türkiyədən Ukraynaya qayıtması, onların Rusiya əsirliyindən azad edilməsi çərçivəsində əldə edilmiş razılaşmaların pozulmasıdır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskovun sözlərinə görə, razılaşmanın şərtlərinə görə, beş komandir “münaqişə bitənə qədər” Türkiyədə qalmalı idi.
Hərbçilər yenidən ordu sıralarına qatılacaqlarını və Ukraynanın qələbəsini tezləşdirmək üçün əllərindən gələn hər şeyi edəcəklərini bildiriblər.