Putinin gerçəkləşən “öncəgörməsi”

Xəqani Cəfərov

Rusiya diktatoru Putinin ağlını tam itirməmişdən əvvəl söylədiyi bir “öncəgörməsi” gerçəkləşir. Söhbət süni intellekt sahəsindəki lider olacaq ölkənin dünyaya hakim ola biləcəyi haqqında Putinin illər əvvəl bəyan etdiyi “öncəgörməsi”ndən gedir. 2017-ci ildə tədris ilinin açılışı ilə bağlı məktəblilərə müraciətində Putin belə demişdi: “Süni intellekt yalnız Rusiyanın deyil, bütün bəşəriyyətin gələcəyini müəyyən edəcək. Bu sferada dünya lideri kim olsa, dünyanın hökmdarı da o olacaq”.

Ukraynanın iyunun 1-də Rusiyada həyata keçirdiyi “Hörümçək toru” əməliyyatı süni intellektin nələrə qadir olduğunu göstərdi. Bütün bunlar yalnız başlanğıcdır. Üstəlik, “Hörümçək toru” əməliyyatını həyata keçirən Ukrayna süni intellekt sahəsində dünya liderlərindən biri deyil.
Süni intellekt sahəsində dünya lideri təbii ki ABŞ-dır. Bütövlükdə süni intellekt sahəsində dünyanın 10 ən qabaqçıl ölkəsinin siyahısı belədir:

1. ABŞ,

2.Çin,

3.Böyük Britaniya,

4.Hindistan,

5.Fransa,

6.İsrail,

7.Kanada,

8. Almaniya,

9.Sinqapur,

10.Yaponiya.

Rusiya bu sıyahıda yoxdur. Ona görə də bu siyahıda olan dövlətlərin əksəriyyəti ilə strateji müttəfiq olan Ukrayna geniş Rusiya boyu “at oynada”, “Hörümçək toru” kimi tarixdə bənzəri olmayan əməliyyat həyata keçirə bilir.

Süni intellektdə duyğuya yer yoxdur. Ağlı ilə deyil, duyğuları qərar verən xalqlar və insanlar süni intellekt liderinin hakim olacağı dünyada kölə olacaqlar.

Cəmi 6 milyon əhalisi, 735.7 kvadratkilomet (Siyəzən rayonundan kiçik) ərazisi olan Sinqapur süni intellekt sahəsində dünyanın öncül 10 ölkəsi sırasındadır. Sinqapur nümunəsindən ibrət alaraq inkişaf etmiş xalqların sırasına qoşulmaq üçün elm və çağdaş mədəniyyəti seçməyi təklif etdiyim üçün məni hədəf alan soydaşlarım da süni intellekt liderinin hakim olacağı dünyada ancaq kölə olacaqlar.
Təəssüf edirəm, amma gerçəklik belədir.