Sülh göyərçin(!) Tramp və Zəngəzur – Cəmil Ünalın yazısı

Cəmil Ünal, Azərbaycan Kültür Dərnəyinin başqanı

Yaşanmış keçmiş tarix bəzən Azərbaycanın əleyhinə işləyib. Bir çox coğrafiyada sərhədlər yenidən çəkildiyi kimi, bu bölgədə də türklərin əleyhinə sərhədlər yenidən çəkilməyə başlayıb.

1920-ci ilə qədər Azərbaycan torpağı olan türk yurdu Zəngəzur, kommunizm məhəbbəti ilə işğalçı bolşeviklərlə iş birliyi içində olanların da xəyanəti nəticəsində, adı kimi qədim türk torpağı Zəngəzur ermənilərə hədiyyə edilib, daha doğrusu peşkəş verilib.

Beləliklə, Azərbaycan iki yerə bölünüb, Azərbaycanın Naxçıvanla quru yolu əlaqəsi kəsilib. Sovetlər Birliyi dağıldıqdan sonra da Rusiya dəstəyi ilə ermənilər Azərbaycan torpaqlarını işğal etməyə davam ediblər.

Nəhayət, 2010-cu illərdə Azərbaycan-Türkiyə arasında imzalanan hərbi əməkdaşlıq sazişi ilə hərb sənətini ən yaxşı bilən, müasir silahlarla təchiz olunmuş, bölgənin ən güclü ordusu yaradılıb.

İşğal altındakı bütün torpaqları azad edən Azərbaycan, erməniləri təslimçi sülhə məcbur edib.

Azərbaycan-Ermənistan və Rusiya arasında 10 noyabr 2020-ci ildə imzalanan atəşkəs sazişinin doqquzuncu maddəsi ilə Zəngəzur məsələsi yenidən gündəmə gəlib.

Maddəyə görə, Ermənistan Azərbaycan Respublikasının qərb bölgələri və Naxçıvan Muxtar Respublikası arasında bütün növ nəqliyyat təhlükəsizliyini təmin etməyi öhdəsinə götürür.

Amma Zəngəzur dəhlizinin bütün təhlükəsizliyi və nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin mühafizə qüvvələri tərəfindən həyata keçiriləcəyi də maddədə yer alıb.

Bu razılaşma ortadadır. Əlbəttə ki, Zəngəzur dəhlizinin bizim anladığımız mənada gerçəkləşməsi, başda Azərbaycan olmaqla, Türkiyə və Türk dünyası üçün də mühüm hadisədir.

Beş ildən bəri qeyri-müəyyən vəziyyətdə qalan Zəngəzurun 8 avqust 2025-ci ildə Amerikada gündəmə gətirilməsi bizim üçün təəccüblü oldu.

Orada aparılan danışıqlar nəticəsində bu dəfə də Zəngəzur 99 illiyinə Trampa icarəyə verilir. Müqavilədə, keçmişdə türklərə aid yer adlarının dəyişdirilməsi kimi, burada da türk yaddaşında Zəngəzur adı silinib.

Bölgə və Türk dünyası üçün tarixi və strateji əhəmiyyətə malik olan Zəngəzur, dövlətlərarası hüququ saymayan, girdikləri hər yerdə öz hakimiyyətlərini quran ABŞ-a və nə edəcəyi, hansı qərarı verəcəyi bəlli olmayan Trampa bir əsr müddətinə  təslim edilir.

Yaxın Şərq coğrafiyasını qan gölünə çevirən, on minlərlə günahsız insanın qətliamının səbəbkarı olan bir adama böyük bir coğrafiyanın gələcəyini təslim etmək ağıl işi deyil.

Niyə dəhlizin təhlükəsizliyi, keçidə nəzarət və bununla bağlı bütün səlahiyyətlər Azərbaycan və Ermənistanın birlikdə yaradacaqları, Türkiyənin də içində olacağı bir təşkilata verilmək əvəzinə, gələcəkdə hər cür problemi yaradacaq bir yapıya malik olan Trampa verilir?

Tramp kimi qeyri-sabit bir şəxsin xoşuna gəlməyən hallarda, Türkiyə-Azərbaycan və türk toplumları üçün çox mühüm olan bu bağlantını kəsməyəcəyinə təminat varmı?

Dəhlizin gələcəyinin Trampa həvalə edilməsinin yaratdığı etimadsızlıqdan əlavə, hadisənin gerçəkləşməsi başda Azərbaycan olmaqla, Türk dünyası üçün də tarixi bir qərar olacaq.

Əlbəttə ki, hadisənin gerçəkləşməsi siyasi təsir, hakimiyyət və iqtisadi baxımdan Rusiyanı və İranı narahat edəcəkdir. Bundan başqa, Rusiya Ermənistanda mövcud olan hərbi-siyasi-iqtisadi gücünü Paşinyana qarşı yaranan müxalifəti təşkilatlandıraraq bölgədəki təsirini qorumağa çalışacaq.

Zamana bağlı olan razılaşmanın gerçəkləşməsi, Azərbaycanın vazkeçilməzi olan Ermənistan konstitusiyasında ediləcək dəyişikliklərə və bir qədər də Paşinyanın gələcəyinə bağlıdır.

Foto: Mustafa Hacıbəyli