Vaşinqton sammitinin nəticələri ilə bağlı Müsavat Partiyasının bəyanatı
Müsavat Partiyasının Divanı Azərbaycan, ABŞ və Ermənistan dövlət başçıları arasında avqustun 8-də Vaşinqtonda keçirilən görüşlərin nəticələrini müzakirə edib. Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması, Zəngəzur koridoru ilə bağlı həll yolu tapılması, ATƏT-in Minsk Qrupunun ləğv edilməsi barədə birgə çağırış və bir sıra digər önəmli razılaşmalar
iki ölkə arasında normallaşma prosesinin dərinləşməsi və Rusiyanın Cənubi Qafqaz üzərində təsir imkanlarının azalması istiqamətində ciddi bir hadisə kimi qiymətləndirilib.
Vaşinqton sammitində qəbul edilən Birgə Bəyannamədə iki ölkə arasında kommunikasiyaların açılması, Azərbaycan Respublikasının əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının yaradılması, eyni zamanda Ermənistan üçün beynəlxalq və ölkədaxili bağlantının təmin edilməsi nəzərdə tutulub ki, bu da Azərbaycanın və bütövlükdə regionun inkişafı ücün yeni imkanlar açır.
Bütün bunlar, xüsusən də prosesin ABŞ -ın moderatorluğu və himayəsi altında getməsi Rusiya və İran tərəfindən ölkəmizə qarşı təzyiq və təxribatların artması ehtimalını gücləndirir.
Müsavat Partiyası dövlətimizin bu sammitin yaratdığı imkanlardan maksimum yararlanması və gözlənilən təzyiqlər qarşısında cəmiyyətimizin maksimum səfərbər olunması üçün demokratik açılıma start verilməsini zəruri sayır, hakimiyyəti siyasi məhbusları azad etməyə, ölkədə siyasi və iqtisadi islahatlara başlamağa çağırır.