Markov “xarici agent” elan edildi
Dadaş Əhmədli
Rus təbliğatçısı Sergey Markov “xarici agent” elan edildi. Sergey Markov özünün aldadıcı bəyanatları və Ukraynaya nifrəti ilə tanınan ən qeyri-adekvat Kremlpərəst politoloq və təbliğatçılardan biridir.
Markov deyir ki, dəhşətli bir səhv baş verib. Hakimiyyətyönlü politoloq onun “xarici agent” hesab edilməsindən şoka düşüb və bunu etiraf etməkdən imtina edir.
“Mənə elə gəlir ki, bu, bir növ böhtandır, çünki yaxşı, birincisi, mən xarici agent deyiləm, ikincisi, mənim heç bir əlaqəm olmayıb. Yaxşı, bəzən onlar nədənsə… səhv edə bilərlər. Mən bu barədə heç nə bilmirəm”, – deyə o, bildirib.
O, yəqin ki, bu siyahıya Azərbaycan hakimiyyəti ilə yaxşı münasibətlərinə, eləcə də prezident Əliyevin iştirak etdiyi forumda iştirakına görə əlavə edilib. Bakı ilə Moskva arasında münasibətlərin kəskinləşdiyi bir vaxtda Markov forumda Əliyevə baş əymişdi. Kreml bunu ona bağışlaya bilməzdi.
Bundan əlavə, Markov Rusiya Federasiyası ilə münasibətlərdə böhran şəraitində belə, öz sosial şəbəkələrində Azərbaycan hakimiyyətinə dəstəyini ifadə edib.
Sergey Markov “xarici agent” kimi tanınan ilk açıq rus təbliğatçısı oldu.