Tramp Zelenski ilə görüşdü

 

ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasının kuluarlarında görüşüblər.

Görüşdən öncə Tramp qeyd edib ki, Ukrayna “böyük [Rusiya] ordusunu cilovlamaq məsələsində əla iş görür”.

“Rusiya təyyarələri və dronları NATO ölkələrinin hava məkanını pozacağı halda, Avropa ölkələri onları vurmalıdırmı” sualına  Tramp müsbət cavab verib. O həmçinin ehtimal edib ki, Macarıstanın baş naziri Viktor Orban Rusiya enerji resurslarının alınmasından imtina edə bilər.

Tramp əlavə edib ki, Rusiya iqtisadiyyatı dəhşətli vəziyyətdədir.

Öz növbəsində Zelenski son ay ərzində Ukraynanın 360 kvadrat kilometr ərazisini azad etdiyini və minlərlə Rusiya hərbçisinin Ukrayna ordusu tərəfindən mühasirəyə alındığını bildirib. Onların sonradan ukraynalı əsirlərlə dəyişdirilməsi planlaşdırılır.

Zelenski həmçinin Rusiyaya qarşı təzyiqin gücləndirilməsinə və sanksiyaların sərtləşdirilməsinə ümid etdiyini vurğulayıb. “Biz Avropa ölkələrinin Rusiya nefti və qazı almasının dayandırılması ideyanızı tam dəstəkləyirik, cənab prezident”, — deyə o bildirib.

Ukrayna prezidenti dəqiqləşdirib ki, bu məsələni daha əvvəl Slovakiyanın baş naziri Robert Fitso ilə müzakirə edib. “Düşünürəm ki, onlara müəyyən alternativ yollar lazımdır və o zaman bu ideyaya razılıq verəcəklər”, — deyə Zelenski əlavə edib.

Zelenski ilə görüşdən sonra Tramp öz sosial şəbəkəsi olan Truth Social-da bildirib ki, Avropa İttifaqının dəstəyi ilə Ukrayna “bütün ilkin ərazilərini qaytara biləcək”, hətta “daha irəli də gedə bilər”.

“Putin və Rusiya BÖYÜK iqtisadi problemlərlə üz-üzədir və indi Ukraynanın hərəkətə keçməsi üçün ən münasib zamandır. Hər halda mən hər iki ölkəyə ən yaxşısını arzulayıram. Biz NATO-ya silah verməyə davam edəcəyik ki, NATO onlarla istədiyini etsin. Hamıya uğurlar!” — Tramp yazıb.