Şəmşad Ağa Penitensiar Xidmətin Müalicə Müəssisəsi haqda

“Burada ən dəyərli şey pul, ən ucuz şey insan həyatıdır…”

 

“Meydan TV işi” üzrə həbs olunmuş jurnalist, Arqument.az saytının baş redaktoru, Müsavat Partiyasının üzvü Şəmşad Ağa  Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülsə də, qısa müddətdən sonra oradan təcridxanaya qayrarılıb. Sentyabrın 22-də sosial şəbəkələrdə onun müalicə müəssisəsindən yazdığı aşağıdakı məktub paylaşılıb: 

“8 aydır ki, səhhətimdə davam edən problemlərlə bağlı sentyabrın 13-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə (PXMM) yerləşdirildim. Açığı, sağlıq durumumla bağlı problemimi ictimailəşdirməməyə çalışırdım. Düşünürdüm ki, çöldəki həkim dostlarımın tövsiyələri və evdən gətirdiyim dərmanların hesabına kamera şəraitində müalicəmi davam etdirib yarana biləcək fəsadları önləyə bilərəm. Həm də istəmirdim ki, kimlərsə səhhətimlə bağlı manipulyasiya etdiyimi düşünsün, avtoritar bir hakimiyyətin siyasi girovu kimi dəyanətimi sorğulasın. Lakin dərmanlar və müalicə effekt vermədiyi üçün həkim dostlarım mədə-bağırsaq sistemimin ciddi müayinəsini tövsiyə etdilər. Sağolsunlar təcridxanadakı həkimlər (sançast) də müraciətimi müsbət qarşılayaraq mənim Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməyimi təmin etdilər.

Beləliklə, sentyabrın 13-də Müalicə Müəssisəsinə aparıldım. Müalicə Müəssisəsində məni öncə əməliyyat rəisi Azər Əliyev, daha sonra müəssisə rəisinin müavini Rövşən Mirzəxanlı qəbul etdi. Ənənəvi “profilaktik söhbət”dən sonra qəbul şöbəsinə yerləşdirildim. Bildirdilər ki, həftəsonu olduğu üçün tibbi prosedurlar bazar ertəsi başlayacaq. Açığı, 8 ay təcridxanada saxlanılan biri kimi qəbul şöbəsinə gələndə daha, hətta qat-qat ağır bir mənzərə ilə qarşılaşacağımı təsəvvür etmirdim: şəraitsiz və antisanitariya vəziyyətində olan 14 nəfərlik otaqlarda o qədər sıxlıq vardı ki, bəzi xəstə məhbuslar yerdə yatırdılar. Heç bir mübaliğəyə yol vermirəm: bura xəstəxanadan çox, Sovet dövrünün ağır islah əmək düşərgələrinə bənzəyirdi ki, biz bunu ancaq kitab və filmlərdə görmüşük. Ölkənin mərkəzində -paytaxtında yerləşən bir tibb ocağında insan əzabının son həddi yaşanır və bu qapalı məkanda səhiyyədən başqa hər şey var: rüşvət, özbaşınalıq, biganəlik, insan həyatı üzərində oyunlar… Ayağını qapıdan içəri qoyan hər kəsə potensial pul mənbəyi kimi baxılır…

Bazar ertəsi yüzlərlə xəstə kimi növbəyə duraraq formal tibbi prosedurlardan-USM, kordioqrammadan keçdim, qan analizi verdim. Dedilər ki, rentgen həkimi küsüb işə gəlmədiyi üçün rentgen sabaha qalır.

Niyə formal prosedurlar deyirəm? Çünki eyni prosedurlar təcridxananın tibb məntəqəsində də var və buradan daha abırlıdır. Rentgenden keçdikdən 1 gün sonra isə 2-3 həkimin balaca bir otaqda təşkil etdiyi komissiyada isə məhbusların sağlamlıq durumları ilə bağlı şikayətləri dinlənildi. Bu komissiya isə daha çox çayxana mühitində baş tutdu: kimi telefonunda oyun oynayır, kimi də xəstəni ayaq üstdə saxlayıb hansısa dostu ilə laqqırtı vuraraq baş tutacaq “qonaqlıq”dan danışır, bəli, tam bir çayxana mühiti…

Təsəvvür edin ki, bu boyda ədliyyə sisteminin yalnız 1 USM həkimi var, o da 17 Cəzaçəkmə Müəssisəsinə, neçə təcridxanaya və s. baxır. Belə bir şəraitdə hansı keyfiyyətli səhiyyədən danışmaq olar? Öyrəndim ki, savadlı həkimlər PXMM-ni tərk edir, maaş azlığından başqa özəl klinikalarda iş axtarırlar. Ona görə də meydan savadına əmin olmayan, başqa yerdə iş tapa bilməyən çayxana həkimlərinin ümidinə qalıb…

Demək olar ki, 1 həftədir buradayam, amma keçdiyim formal müayinələrin cavabı heç şifahi olaraq da, mənə bildirilmədi. Digər məhbuslardan soruşdum, onlarda da vəziyyət eynidir…

Müalicə Müəssisəsinin rəisi Mail Məmmədovla görüşmək istəsəm də, “qonağı var” deyib hər gün bir bəhanə gətirdilər, ya da özü görüşməkdən, qəbul etməkdən yayındı. Mədə-bağırsaq problemi ilə bağlı müraciət etdiyimi deyəndə isə həkimlə MM-də endoskopiya və kolonoskopiyanın olmadığını, bunun üçün özəl klinikalara müraciət etməyimi tövsiyə etdilər. Bildirdilər ki, öncə istintaq orqanı razılıq verməli, sonra ailə üzvlərim hansısa özəl klinikaya müraciət edib göndəriş almalıdırlar. Bütün müalicə xərclərini ailə üzvlərim qarşılamalı, əgər cərrahi əməliyyata gərək olarsa, onu da özüm və ya ailə üzvlərim ödəməlidir. Məlum oldu ki, digər məhbuslarla da bağlı vəziyyət belədir. Ailə üzvləri klinikaya ödəniş edərək onların MRT və digər prosedurlardan keçməsini təsdiq edən göndərişlər alıb və növbəyə durublar. Təsəvvür edin ki, ucqar rayonlardakı xəstəxanalarda belə bir sıra tibbi cihazlar var, amma ölkənin paytaxtında 50 mindən çox məhbusun həyatına görə məsuliyyət daşıyan bir tibb müəssisəsində MRT, kolonoskopiya və endoskopiya yoxdur. Bəs milyonlarla vəsait hara xərclənib?

Baş həkim Hikmət Aydəmirovun qəbuluna getdim. Adam həkimdən çox, həbsxana rəhbərinə bənzəyir. Xəstələrlə elementar davranış qaydalarını bilmir, soyuq, küntöy bir adamdır. Sanki həkim deyil, hansısa “KAMAZ”-dan düşürülüb, vəzifəyə otuzdurulub. Deyilənə dörə, Baş İdarənin rəisi Cəmil Kamillinin himayəsindədir. O, bura baş həkim qoyulandan faktiki ikitirəlik yaranıb, Mail Məmmədova tibbi personalın işinə müdaxilə etməsinə qadağa qoyub. Müalicə Müəssisəsində vəziyyət olduqca acınacaqlıdır. Nəzarətçidən tutmuş ən yüksək rütbəli zabitə qədər, tibb bacısından tutmuş, həkimə qədər hər kəs dustaqdan pul umur. Hətta şöbə və palatalar “burjuy” və “kasıb” olaraq seçilir, yerlər, otaqlar satılır. Qəbul şöbəsi ən kasıbı və müvəqqəti sayılır, amma orda da bəzi məhbuslara köhnə çarpayılar 1 həftəlik 20 manata satılıb. Uzun sözün qısası, burada baş verənlərdən saatlarla danışmaq olar, yəni yazıb-pozmaqla tükənməz. Hələ parkda həbs edilən keçmiş məmurlara, iş adamlarına satılan yüksək şəraitli otaqları demirəm.

Mən burada çox dəhşətli insan taleləri ilə qarşılaşdım, hər iki gözü tutulmuş məhbus qazi, bir gözü tam tutulmuş, bir gözü isə 5 faiz görən din alimi, hər gecə ürəktutmasından az qala keçinən, ən yüksək təzyiqdən əziyyət çəkən, amma buna rəğmən heç bir yardım edilmədən Cəzaçəkmə Müəssisəsinə “etap” edilən məhbuslar gördüm. Bir anlıq özümü hansısa tibb ocağında deyil, Stalinizmin Solovki düşərgələrində hiss etdim. Və nəhayət 1 həftənin tamamında hər kəsə 1 gün öncə “etap” edildiyi deyilsə də, mənə bir saat qalmış Kürdəxanıya “etap” ediləcəyimi dedilər, həm də heç bir tibbi yardım edilmədən. Bu biganəlik, anarxiya, özbaşınalığın hökm sürdüyü antisanitar şəraitdə bir daha düşündüm: Azərbaycanın ədliyyə sistemi metastaz verib: məhkəməsində ədalət yoxdur, tibb ocağında səhiyyə, təcridxana və həbsxanası da dözülməz durumda. 1 saat sonra Kürdəxanıya- mənim üçün ayrılmış ofisə-evə yola düşəcəyəm. Yazdıqlarım isə PXMM-də baş verənlərin kiçik bir qismidir. Buna rəğmən PXMM-dəki mənzərəni bir cümlə ilə belə ifadə edirəm: Burada ən dəyərli şey pul, ən ucuz şey insan həyatıdır…”