“Rusiya ordusu Ukraynada dalana dirənib” – Roqozindən açıq etiraf
Rusiya Federasiya Şurasının üzvü, “Roskosmos”un sabiq rəhbəri Dmitri Roqozin bəyan edib ki, Ukrayna və Rusiya orduları güc və resurslar baxımından bərabərdir. Onun sözlərinə görə, bu, cəbhədə irəliləyişi praktiki olaraq mümkünsüz edib.
Senator qeyd edib ki, cəbhə xəttinin iyirmi kilometrliyində görünən istənilən texnika dərhal məhv edilir.
“Müharibə dalana dirənib, problem budur. Yəni, qüvvələr texnika, hazırlıq, hətta motivasiya baxımından təxminən bərabərdir”, – o vurğulayıb.
Roqozin cəbhədə baş verənləri belə təsvir edib:
“Müharibə əsasən taktiki səviyyədə aparılır. Bu minalanmış çöldə irəliləyən 3-5 nəfərdən ibarət hücum qruplarıdır. Hər iki tərəfdən pilotsuz təyyarələr səs-küy salır. Əsgərlər zireh, silah, döyüş sursatı və elektron döyüş texnikası ilə təchiz edilib. Bütün bu yüklə ayağa qalxmaq mümkün deyil, nəinki irəliyə getmək”.
Roqozin buna misal olaraq Xerson vilayətini göstərib. O qeyd edib ki, Dnepr çayı hücum üçün ciddi maneədir.
“Hazırda su səddini keçməkdən söhbət gedə bilməz”, – senator vurğulayıb.
“Mən bu gün səhər yenə komanda məntəqəmdə oldum. PUA-larımız vasitəsilə ərazini müşayət etdim. Hər yer yanıb, heç bir meşə zolaqları qalmayıb. Orada nəinki insan, hətta bir dovşan da tərpənəndə dərhal görsənir. Biz buradan necə keçməliyik? Texnika da hərəkət edə bilmir, çünki bütün yollar minalanıb, həm bizim tərəfimizdən, həm də onlar tərəfindən” – o əlavə edib.
Basta