Rüşvət və korrupsiya erkən nigahların qarşısını almağa mane olur – Müsavatdan Bəyanat
Bu gün(30 Sentyabr) Müsavat Partiyası Məclisinin Gender və İnsan Haqları Komissiyalarının təşkilatçılığı ilə partiyanın qərargahında “Erkən nikahlar təkcə hüquqi deyil, həmçinin siyasi məsələdir” məzmunlu Dəyirmi Masa keçirilib. Toplantının sonunda Bəyanat qəbul olunub.
Dəyirmi Masanın bəyanatı
Müsavat Partiyası Məclisinin Gender və İnsan Haqları Komissiyaları olaraq bildiririk ki, erkən nikahlar həm fərdlərin fundamental hüquqlarını pozur, həm də cəmiyyətin sosial, iqtisadi və mədəni inkişafına mane olan ciddi problemdir.
Ailə Məcəlləsinə edilmiş son dəyişikliklərlə Azərbaycanda nikah yaşı istisnasız olaraq 18 yaş müəyyən edilib. Bu, müsbət addımdır. Lakin qeyri-rəsmi və dini nikahların geniş yayılması real vəziyyəti gizlədir və qanunun tətbiqini zəiflədir.
Erkən nikahların davam etməsi yalnız sosial səbəblərlə izah oluna bilməz. Bu problem eyni zamanda siyasi iradə və idarəetmə məsələsidir. Təəssüf ki, bəzi hallarda yerli icra orqanlarının məsuliyyətsizliyi, hüquq-mühafizə strukturlarının laqeydliyi və korrupsiya halları erkən nikahların qarşısının alınmasına mane olur.
Rüşvət və korrupsiya nəticəsində qeyri-rəsmi nikahlara göz yumulması həm dövlətin imicini zədələyir, həm də qadın və qız uşaqlarının hüquqlarını məhv edir.
Hesab edirik ki, erkən nikahların aradan qaldırılması yalnız hüquqi mübarizə ilə məhdudlaşmamalıdır. Bunun üçün:
- Təhsil imkanlarının genişləndirilməsi və qız uşaqlarının məktəbdə qalmasının təmin olunması;
- Valideynlər və icmalar arasında maarifləndirmə işlərinin gücləndirilməsi;
- Qeyri-rəsmi nikahların qarşısını alacaq mexanizmlərin yaradılması;
- Qız uşaqlarının iqtisadi müstəqilliyini təmin edəcək dövlət proqramlarının həyata keçirilməsi;
- Ən əsası isə – korrupsiyaya qarşı ciddi mübarizə və məsul şəxslərin cəzasız qalmasına son qoyulması vacibdir.
Komissiyalar bəyan edir ki, erkən nikahlar Azərbaycan cəmiyyətində gender bərabərsizliyini dərinləşdirir, demokratiyanın inkişafına və insan kapitalının güclənməsinə zərbə vurur.
Biz dövlət qurumlarını siyasi iradə nümayiş etdirməyə, korrupsiya hallarını aradan qaldırmağa çağırırıq. Vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlarla əməkdaşlıq isə bu mübarizənin vacib şərtidir.
Müsavat Partiyasının Gender və insan Haqları komissiyaları olaraq bildiririk ki, erkən nikahların aradan qaldırılması yalnız qanunlar qəbul etməklə yox, həm də korrupsiyaya qarşı qətiyyətli mübarizə apararaq, ictimai şüurun dəyişməsi və siyasi iradə ortaya qoymaqla mümkündür.