Müsavat metroda və avtobuslarda gedişhaqqının bahalaşmasını pislədi – Divanının gündəliyi
Sentyabrın 29-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
İclasda əvvəlcə görülən işlər və rayon təşkilatlarında keçirilən iclaslar barədə məlumat dinlənilib.
Müsavat Məclisinin sentyabrın 27-də keçirilən sessiyası yüksək qiymətləndirilib.
Şirvan Apelyasiya Məhkəməsində əsassız olaraq həbs edilmiş Müsavat Partiyasının Məclis üzvləri Ələddin Ələsgərli, Qoşqar Nuralı və partiyanın Biləsuvar rayon təşkilatının fəalı Cabir Vəliyevin apelyasiya şikayətinə baxılması oktyabrın 23-nə saat 16:00-ya təxirə salınıb. Divan üzvü Yusif Mehdi qeyd edib ki, məhkəmə bu təxirəsalmanı texniki səbəblə izah etsə də, əslində hər hansı texniki səbəb olmayıb.
Divan üzvü Mustafa Hacıbəyli həbsdə olan müxalifətçi Azər Qasımlının işi üzrə məhkəmə prosesi haqda məlumat verib. O bildirib ki, məhkəmə prosesində hakim Azər Qasımlıya qarşı ifadə vermiş şəxsin vəkili kimi çıxış edir.
Divan üzvü Mirbaba Babyev Toplumu TV işi üzrə növbəti məhkəmə prosesi haqda məlumat verib.
Müsavat Partiyasının üzvü, şərlənərək həbs olunmuş Tofiq Yaqublunun səhhətində ciddi problemlərin olmasına baxmayaraq, onun müayinə və müalicə edilməməsindən narahatlıq ifadə edilib. Siyasi məhbusların hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb.
Bakı şəhəri və ətraf ərazilərdə avtobus və metroda gediş haqlarının bahalaşdırılması pislənilib. Qeyd edilib ki, hakimiyyətin bu addımı başqa sahələrdə də bahalaşmaya və əhalinin aztəminatlı təbəqələrinin vəziyyətinin daha da ağırlaşmasına səbəb olacaq. Müsavat Partiyası bir sıra xarici dövlətlərin və şəhərlərin təcrübəsinə əsaslanaraq, Bakıda və ətraf ərazilərdə bir sıra aztəminatlı təbəqələr, həmçinin şagirdlər, tələbələr, müharibə veteranları və əlillər üçün ictimai nəqliyyatın pulsuz olmasını tələb edir.
İclasda regionda və dünyada gedən proseslər haqda fikir mübadiləsi aparılıb. Moldovada keçirilən parlament seçkilərində demokratik qüvvələrin Rusiyapərəst partiya üzərində qələbəsi müsbət hadisə kimi qiymətləndirilib.
Sonda cari məsələlər müzakirə olunub.