Azər Qasımlının məhkəməsində gərginlik

Bu gün, oktyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan müxalifətçi Azər Qasımlının işi üzrə məhkəmə prosesi davam etdi.

Prosesin başlanğıcında gərginlik yaşandı. Hakim Telman Hüseynov vəkillərdən birinin və zərərçəkənin iştirakı olmadan prosesin davam etdirilməsinə tərəflərin münasibətini soruşdu. Lakin vəkil Rövşanə Rəhimovanın bu suala cavab vermək üçün Azər Qasımlı ilə məsləhətləşmək istəməsi hakimi əsəbləşdirdi. Vəkil xatırlatdı ki, Azər Qasımlının məhkəmə zamanı şüşəli qəfəsdə yox, müdafiəçilərlə bir yerdə oturması barədə vəsatət təmin edilib. Hakim isə buna cavab olaraq Rövşanə Rəhimovanı, onun barəsində Vəkillər Kollegiyasına müraciət edəcəyi ilə hədələdi.

Sonra Azər Qasımlı sərbəst ifadə verdi. Məlum oldu ki, 2020-ci ildə Azər Qasımlı 20 min dollar ödəyərək Binance kriptovalyuta birjasından iki ədəd Bitkoin alıb. Yaxın tanışı Qurbanəli Yusifov ona əlavə gəlir vəd edərək, onun kriptavalyuta hesabında əməliyyatlar aparıb, son nəticədə 20 min dollar vəsaiti batırıb. Pulu qaytaracağını vəd etsə də, əməl etməyib. Əksinə, Azər Qasımlının “dövlətçiliyə qarşı” oldugunu da xatırladaraq, ona qarşı şikayət verib.

Qasımlı öz çıxışında qeyd etdi ki, onun şikayətçi Qurbanəli Yusifovu təhdid etməsi barədə heç bir sübut – səs yazısı, video-görüntü, hadisə yerində olan şahid ifadəsi mövcud deyil. Əksinə, cinayət işi materiallarında şikayətçinin yalan danışdığını sübut edən çoxsaylı faktlar, ziddiyətli ifadələr var. Hətta Yusifovun şahid kimi istintaqa cəlb etdiyi şəxslərdən biri onun özünə qarşı ifadə verib. Azər Qasımlı həbsinin siyasi motivli olduğunu bildirdi.

Məhkəmə prosesi 8 oktyabr saat 16:50-də davam edəcək.

Azər Qasımlı 8 dekabr 2024-cü ildə saxlanılıb.Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.