Türkiyədə meşə yanğınları: azı 4 nəfər həlak olub

İyulun 28-i və 29-da Türkiyənin 21 vilayətində baş verən 63 meşə yanğını nəticəsində azı 4 nəfər həlak olub.

 

Yanğının ən çox sıx olduğu Antaliyanın Manavgat şəhərində 3, Marmaris şəhərində 1 nəfər ölüb. Antaliyada yanğının təsir etdiyi 183 nəfər xəstəxanaya müraciət edib.

 

BBC-nin rəsmi açıqlamalara istinadən yaydığı məlumata görə, meşə yanğınlarının 43-ü nəzarət altındadır, 20 yerdə yanğın davam edir.

 

 

Yanğın əsasən Manavgat, Marmaris və Bodrumdakı yaşayış məntəqələri üçün təhlükəlidir və bu səbəbdən bu bölgələrdəki bəzi kəndlər və turizm obyektləri boşaldılıb.

 

Minlərlə heyvanın tələf olduğu bildirilir.

 

Yanğınları söndürmək üçün tanker və yanğınsöndürənlərdən başqa, pilotsuz aparatlardan da istifadə olunur.

 

Meşələrdə çıxan yanğın bəzi bölgələrdə küləyin təsiri ilə yaşayış yerlərinə keçib. Artıq meşə yanğınları ilə bağlı 5 nəfər şübhəli şəxs saxlanılıb.

 

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan deyib ki, “hadisə hərtərəfli araşdırılacaq və yanğından zərər çəkən vətəndaşlara hər cür dəstək göstəriləcək”.

 

Müsavat başqanı Arif Hacılı yanğınla bağlı paylaşm edib.

 

“Türkiyədə Aralıq dənizi sahili böyunca böyük meşə zolaqlarını məhv edən, şəhər və kəndlərə ağır ziyan vuran, insan tələfatına səbəb olan yanğınlar barədə aldığımız məlumatlardan sarsıldıq. Bu ağır günlərdə dualarımız Türkiyə üçün, Türkiyə xalqı üçündür. Yanğınlar nəticəsində həlak olanlara
Allahdan rəhmət, xəsarət alanlara acil şəfalar diləyirəm” – deyə, Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

 

Meşə yanğınlarının söndürülməsi üçün Türkiyəyə yardım dəstələri göndəriləcək. Bu barədə dövlət başçısının köməkçisi Hikmət Hacıyevin mətbuat üçün məlumatında bildirilir.

 

Onun sözlərinə görə, baş nazirə və Fövqəladə Hallar Nazirliyinə lazımi tapşırıqlar verilib.

 

Ən qısa zamanda yardım dəstələri Türkiyəyə yola düşəcək, Hacıyev deyib.

 

Basta