Umerov Trampın sülh planı ilə razılaşdığı barədə iddiaları təkzib etdi
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MMTŞ) katibi Rüstəm Umerov ABŞ prezidenti Donald Trampın sülh planı kimi təqdim olunan sənədin hazırlanmasında iştirakı və layihə ilə razı olduğu haqda iddiaları təkzib edib.
“ABŞ-ın Ukraynadakı müharibəyə son qoymaq üçün sülh planında iddia edilən “razılaşma” və ya “müddəaların çıxarılması” barədə mediada yayılan məlumatlar həqiqətə uyğun deyil” – Ukrayna mediasının yazdığına görə, Rüstəm Umerov bunu cümə günü, 21 noyabrda bildirib.
Umerov vurğulayıb ki, ABŞ-a səfəri zamanı yalnız texniki tapşırıqları yerinə yetirib – görüşlər təşkil edib və dialoqa hazırlaşıb.
“Mən heç bir qiymətləndirmə verməmişəm, heç bir müddəanı təsdiqləməmişəm. Bu, mənim səlahiyyətlərimə daxil deyil və prosedura uyğun deyil”, – deyə o bildirib.
Umerov əlavə edib ki, cümə axşamı, 20 noyabr tarixində Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın səlahiyyət verdiyi Amerika nümayəndə heyəti ilə danışıb.
“Biz bütün tərəfdaşlarımızın təkliflərini diqqətlə öyrənirik və Ukraynanın mövqeyinə eyni düzgün yanaşmanı gözləyirik. İddia edilən “razılaşma” və ya “bəndlərin çıxarılması” barədə mediada yayılan məlumatların reallıqla heç bir əlaqəsi yoxdur. Bunlar məsləhətləşmələr kontekstindən kənarda ortaya çıxan təsdiqlənməmiş məlumatların nümunələridir”, – Umerov vurğulayıb.
O, həmçinin əlavə edib ki, tərəfdaşların təklifləri Ukraynanın dəyişməz qalan prinsipləri çərçivəsində nəzərdən keçirilir: suverenlik, insan təhlükəsizliyi və ədalətli sülh.
Qeyd edək ki, bundan əvvəl “The Wall Street Journal” qəzetinin müxbiri Yaroslav Trofimov yüksək vəzifəli Amerika rəsmisinə istinadən Ukraynanın ABŞ-ın “sülh planı”nın 28 bəndindən birini dəyişdirdiyini bildirmişdi.
“The New York Post” qəzeti isə öz növbəsində yazmışdı ki, Umerov Ukraynadakı müharibəyə son qoymaq üçün ABŞ-ın sülh planı ilə bağlı “müsbət rəy” verib.

