Avropa Parlamenti rəsmi Bakıya: “Siyasi məhbusları azad edin”
Dekabrın 18-də Avropa Parlamenti Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı yeni qətnamə qəbul edib.
Qətnamədə Azərbaycanda elmi tədqiqatçılar Bəhruz Səmədov və İqbal Əbilovun həbs və məhkum olunması qətiyyətlə pislənir. Sənəddə vurğulanır ki, 2025-ci ilin əvvəllərindən ölkədə siyasi motivlərlə həbs olunanların sayı təxminən 400 nəfərə çatıb. Həbs olunanlar arasında jurnalistlər, akademiklər və insan hüquqları müdafiəçiləri də var.
Qətnamədə həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin dekabrın 1-də dövlət çevrilişi ittihamı ilə həbs olunması da qeyd olunur.
Avropa Parlamenti Azərbaycan hökumətini bütün siyasi məhbusları dərhal azad etməyə, ədalətli məhkəmə prosesini təmin etməyə və təzyiqləri dayandırmağa çağırır. Eyni zamanda Əli Kərimlinin həbsinə etiraz ifadə edilir və onun dərhal azad olunması tələb olunur. Avropa Parlamenti Aİ-nin Qlobal İnsan Hüquqları Sanksiyaları Rejimi çərçivəsində məsul vəzifəli şəxslərə qarşı tədbirlərin nəzərdən keçirilməsini təklif edir.
Sənəddə vurğulanır ki, Azərbaycanla gələcək tərəfdaşlıq sazişləri insan hüquqları, hüququn aliliyi və siyasi məhbusların azad edilməsi sahəsində real irəliləyişlərdən asılı olmalıdır.
Qətnamədə həmçinin Azərbaycan sərhədlərindən kənarda insan hüquqlarının pozulması, xüsusilə Avropa İttifaqında hədəfli qətl planları və üzv dövlətlərin daxili işlərinə müdaxilə edən destabilizasiya kampaniyaları tənqid olunur.
Qətnamənin qəbulunda 553 Avropa Parlamentinin üzvü iştirak edib. Onlardan 477-i lehinə, 7-i əleyhinə səs verib.
MeydanTV

