Zelenski Qərbi müharibəyə, Rusiyanı isə sülhə çağırır

 

“Zelenskini görürsən də, kişi adamdır ee, qaçmır” – bir qonşum deyir. Əlbəttə, Ukrayna prezidenti işğalçı Rusiya ordusunun mühasirəsində olan və hər gün raketlərlə atəşə tutulan Kiyevi tərk edə, “prezidentin təhlükəsizliyi həm də dövlətə lazımdır”, deyərək, məsələn, Polşaya çəkilə bilərdi… Mariupolda doğum evinin bombardman edilməsindən sonra dünyaya qız uşağı gətirən ana qızının adını Veranika (qələbəyə inam) qoyub. Zmeiniy adasında ölüm təhdidi altında təslim olmaq təklifi alan Ukrayna sərhədçisi “idi na x**” cavabını verib və öldürülüb. Müharibə başlayandan sonra 140 min ukraynalı öz vətənini qorumaq üçün xaricdən ölkəyə qayıdıb. Xersonda və işğal olunmuş digər ərazilərdə əhali atəş altında etiraz aksiyaları keçirir, təslim olmur, sınmır, əyilmir. Bütün bunlar prezidentin fədakarlığı ilə üz-üzə qoyulası məsələlər deyil, əksinə, bir-birini tamamlayır. Amma…

 

Maraqlıdır, niyə bizdə Ukrayna müharibəsi əsasən, yaxud daha çox Zelenskinin kişiliyi kontekstində müzakirə edilir?

 

Bəlkə ona görədir ki, biz hər şeyi ideyalara yox, fərdlərə bağlamağı sevirik. Əksəriyyətimizin canında pataloji şahsevənlik var. Hətta “şaha” qarşı olanların da əksəriyyətinin əsas motivi ideya yox, başqa birisini “şah” olaraq görmək istəyidir. Ona görə, məsələn “müxalifət birləşsin” təklifinə bir çoxları “bəs rəhbər kim olacaq” sualı ilə reaksiya verir, ona görə bu ideya baş tutmur.

 

Üstəlik, sovet dövründən qalan total düşüncə… Zelenskini tərifləyən bir status guppuldadıb yüzlərlə layk almaq asan məsələdir. A tövbə şəkk edəsən, qəzəb və həqarətlə üzləşəcəksən, çünki “massovka” qanımıza hopub.

 

Müharibə başlayandan bəri hər gün Zelenskinin çıxışlarını dinləyirəm. O, davamlı olaraq Qərbi müharibəyə, Rusiyanı isə sülhə çağırır.

 

Rusiyanı sülhə…

 

Müharibə ərəfəsində və Rusiya hücumunun ilk günlərində Zelenskinin sülh çağırışları bütün dünyada Ukraynanın xeyrinə olan bir ictimai rəyin formalaşmasına təkan verdi. Həmin dövrdə Rusiya prezidenti Putin Ukrayna ordusunu provakasiyaya çəkmək, müharibənin başlanmasının məsuliyyətini qarşı tərəfin üstünə atmaq, ən azı bunu mübahisəli mövzuya çevirmək istəyirdi. Ukraynanın təmkinli davranışı Putini hövsələdən çıxardı və o açıq şəkildə “xüsusi hərbi əməliyyat”, yəni müharibə elan etməklə bütün məsuliyyəti üzərinə almış oldu.

 

Amma zənnimcə, sonrakı günlərdə edilən sülh çağırışları nəinki faydasız, hətta ziyanlıdır. Zelenski Putinlə görüşdə təkid edir, Krım, Donetsk və Luqanskda insanların indidən sonra necə yaşayacaqlarını müzakirəyə hazır olduğunu, Rusiyanın irəli sürdüyü şərtlərlə bağlı referendum keçirilə biləcəyini deyir. Bütün bunlar, yəgin, Putini ümidləndirir, düşünür ki, “bir az da sıxsam təslim olacaqlar”.

 

…Qərbi müharibəyə

 

Putin öz avantürist qərarları ilə Rusiyanı elə bir tələyə salıb ki, Qərb onu heç Zeleskinin çağırışı olmadan da buradan salamat buraxmayacaq. Qərb İraqın Kuveyti işğal etməsini, Serbiyanın Kosovoda və Bosniyada dinc əhaliyə divan tutmasını cavabsız qoymadığı kimi, Rusiyanın Ukraynaya qarşı hərbi cinayətlərini də cavabsız qoymayacaq və qoymur. Xüsusən də ona görə ki, Rusiya bütün dünyada Qərbin ideloji dəyərlərinin və iqtisadi maraqlarının bərqərar olmasının qarşısında ən böyük əngəllərdən biridir.

 

Ukrayna məsələsində humanizm prinsipləri, beynəlxalq hüquq və Qərbin maraqları tam üst-üstə düşüb. Yaranan birliyin fundamental səbəbi budur. İndən belə ictimai rəy tələb edəcək, hökumətlər qərar verəcək və məhz Qərbin hərbi, maddi, siyasi dəstəyi sayəsində Ukrayna xalqı qalib gələcək.

 

Hamı bilir, Qərbi bu müharibəyə açıq şəkildə qoşulmaqdan çəkindirən bir arqument var – Rusiya atom ölkəsidir. Deyir, Ukrayna daha nə qədər itki verməlidir ki, NATO nəhayət müharibəyə qoşulsun. F-35-lərin işə qarışması ilə Rusiyanın Ukraynadakı hərbi kontingenti dərhal darmadağın ediləcək. Bəs Putin bunu bəhanə edib atom silahına əl atsa necə olacaq? Bundan sonra bütün dünyada, o cümlədən Ukraynada itkilərin sayı qat-qat atmayacaqmı? Atom müharibəsindən qorxub-qorxmamaq bir yana, Putin bəhanə olmadan da buna əl ata bilər, söhbət ondadır ki, heç bir sivil dövlət belə bir məsuliyyətin altına girmək istəmir.

 

Zelenski xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında açıq mətnlə deyir ki, Türkiyənin verdiyi “Bayraqdarlar” qurtarıb, yenilərini versin. Necə fikirləşirsiz, Türkiyənin Rusiyaya münasibətdə sərgilədiyi belə ehtiyatlı münasibətin fonunda, “Bayraqdarlar”ın verilməsi kimi məsələlərin mətbuat konfransında qaldırılması nə dərəcədə doğrudur? Bunu diplomatik kanallar vasitəsilə etmək, həm də istəyə nail olmaq baxımından daha doğru olmazmı?

 

ABŞ Prezidenti Co Bayden və Dövlət katibi Entoni Blinken Ukraynaya verdikləri hərbi yardımın dəyərini, bəzən hətta sayını açıqlayırlar. Çünki Zelenski hər publik çıxışında Qərbi fəaliyyətsizlikdə ittiham etməklə, həmin dövlətlərin hakimiyyətlərini ictimai rəyin hədəfinə çevirir, onlar isə qınaqdan yayınmaq üçün bu məlumatları açıqlayırlar. Halbuki, bu məlumatların gizli qalması həm hərbi baxımdan, həm də Ukrayna xalqının fədakar müqavimətinin qiymətləndirilməsi baxımından daha faydalı olardı.

 

Rusiya tələyə düşmüş və qanı axmaqda olan bir ayının durumundadır. Ona yaxın gedib baltalamaq təhlükəlidir. İndi əsas məsələ onu bu tələdən çıxmağa qoymamaqdır. Bir tərəfdən hərbi meydanda verdiyi itkilər, digər tərəfdən isə tətbiq edilən sanksiyalar öz işini görməkdədir. Müharibənin taktikası dəyişib, ekspertlər bunun adının “борьба на истощение” qoyublar (qarşı tərəfi tükəndirmək uğrunda mübarizə, yaxud “kim kimi yordu”). Belə bir durumda bizim hər birimiz, xüsusən hakimiyyət, Qərb olmasa, müstəqilliyimizin böyük sual altında olduğunu dərk etməliyik. Rusiyanın daha tez tükənməsi üçün hər birimiz bu mübarizəyə bacardığımız qədər tövhə verməliyik. Məsələn, ən sadə işlər, sosial şəbəkələrdə Ukrayna səhifələrini bəyənmək, Lukoylda benzin doldurmaqdan vaz keçmək, dükanlarda hələ qalmaqda olan Ukrayna mallarına üstünlük vermək, Ukraynaya humanitar yardım kampaniyalarında iştirak etmək və s.. Belə olarsa, Zelenskinin dediyi kimi, “İşıq zülmət üzərində qalib gələcək”.

 

Слава Украинї!

 

Mustafa Hacıbəyli