Müsavat Divanında amnistiya və beynəlxalq gündəm müzakirə olunub

Bu gün (22 dekabr)Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə,  iclasda görülən işlər və qərarların icrası ilə bağlı məlumat verilib. Qeyd olunub ki, ötən həftə Müsavat Partiyasının üzvü, mərhum Nərgiz Yaqublunun adına təsis edilmiş mükafatın təqdimat mərasimi keçirilib və İşçi Masasının idarə heyətinin üzvü, siyasi məhbus Afiəddin Məmmədov mükafata layiq görülüb.

Divan üzvü Gülağa Aslanlı Tofiq Yaqublunun Ali Məhkəmədə keçirilən məhkəmə prosesində iştirakı və prosesin gedişatı barədə iclas iştirakçılarını məlumatlandırıb.

İclasda ölkədə və dünyada baş verən ictimai-siyasi proseslər geniş müzakirə olunub. Həmçinin Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə qəbul olunmuş Amnistiya Aktı müzakirə edilib. Amnistiya aktı müsbət qiymətləndirilib. Eyni zamanda onun ictimai-siyasi fəallara şamil edilməməsi təəssüflə qarşılanıb.

Bildirilib ki, üç gün sonra Azərbaycan təyyarəsinin Rusiya tərəfindən vurulmasının bir ili tamam olur. Bu müddət ərzində Rusiyanın məsələyə hüquqi qiymət verməməsi, günahkarların cəzalandırılmaması və zərərçəkənlərə kompensasiya ödənilməməsi mənfi hal kimi qeyd olunub. Bu fonda Azərbaycanın MDB ölkələrinin Peterburqda keçirilən toplantısında iştirak etməməsi təqdir edilib.

Ukraynanın apardığı vətən müharibəsi müzakirə olunub. Avropa İttifaqının Ukraynaya 90 milyard avro maliyyə vəsaiti ayırması yalnız iqtisadi baxımdan deyil, hərbi və siyasi baxımdan da önəmli bir hadisə kimi qiymətləndirilib.

Şənbə günü (dekabrın 27-də) Müsavat Partiyası Məclisinin növbəti sessiyasının keçirilməsi ilə bağlı qərar qəbul olunub.

Sonda cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Basta2.com