Maçado özünün Nobel mükafatı medalını Trampa verdi
ABŞ prezidenti Donald Tramp Ağ Evdə Venesuela müxalifətinin lideri Mariya Maçado ilə görüşüb.
Maçado ona Nobel Sülh Mükafatının medalını təqdim edib. O bildirib ki, bunu “Trampın bizim azadlığımıza göstərdiyi sədaqətin tanınması əlaməti olaraq” edib.
“Bu, qarşılıqlı hörmətin möhtəşəm bir jesti idi. Təşəkkürlər, Mariya”, — Tramp sosial şəbəkələrdə yazıb.
Maçado Nobel Sülh Mükafatını 2025-ci ilin oktyabrında alıb və mükafatı “əziyyət çəkən Venesuela xalqına və işimizə qətiyyətli dəstəyinə görə Prezident Trampa” həsr edib. ABŞ-ın Nikolas Maduronu ələ keçirməsindən sonra Maçado mükafatı Trampa verməyə hazır olduğunu bəyan edib.
Baş verənlər fonunda Nobel Komitəsi qeyd edib ki, “Nobel mükafatının verilməsi elan edildikdən sonra o, geri alına, bölüşdürülə və ya başqa şəxslərə verilə bilməz”; “medal sahibini dəyişə bilər, lakin Nobel Sülh Mükafatı laureatı adı yox”.
Maçado ilə Tramp arasında görüş bir saatdan artıq çəkib. “Reuters” mənbələrə istinadən yazır ki, danışıqların əsas mövzusu Venesuelanın demokratikləşməsi yox, ölkənin neft yataqlarına ABŞ şirkətlərinin cəlb edilməsi perspektivləri olub.
Venesuela müxalifətinin lideri həmçinin bir qrup senatorla görüşüb. Maçado ilə görüşən senatorlardan biri olan Kris Merfi bildirib ki, müxalifət lideri senatorlara deyib: hazırda Venesuelada baş verən repressiyalar Maduronun dövründə olanlardan heç nə ilə fərqlənmir.
Onun sözlərinə görə, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges “mahir manipulyatordur” və Trampın dəstəyi sayəsində hər keçən gün mövqelərini daha da möhkəmləndirir.
Basta

