Müsavatdan bayram çağırışı
Martın 16-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
Müsavat başqanı İsa Qəmbər qarşıdan gələn Ramazan bayramı və Bahar bayramı münasibətilə Divan üzvlərini təbrik edib.
Divan üzvü Gülağa Aslanlı politoloq Azər Qasımlının işi üzrə məhkəmə prosesi barədə məlumat verib.
Azər Qasımlının heç bir əsas olmadan 12 il müddətinə azadlıqdan məhrum edilməsi Azərbaycanda repressiyaların davamı kimi qiymətləndirilib. Həmçinin ictimai fəal Əhməd Məmmədli heç bir əsas olmadan 6 il müddətinə azadlıqdan məhrum edilib. Müsavat Partiyası ölkə hakimiyyətini qarşıdan gələn bayramlar ərəfəsində repressiyaları şiddətləndirmək deyil, günahsız həbs olunan insanların azadlığı istiqamətində addımlar atmağa çağırır.
Zindanda artıq 22 gündür aclıq aksiyası keçirən siyasi məhbus Tofiq Yaqublunun səhhətinin ağırlaşmasından ciddi narahatlıq ifadə edilib. Ölkənin demokratik cameəsi hakimiyyətin qəddarlığını nəzərə alaraq Tofiq Yaqublunu aclıq aksiyasını dayandırmağa çağırır. Müsavat Partiyası bu çağırışa qoşulur, Tofiq Yaqublunun hüquqlarının müdafiəsi istiqamətində tədbirlərin genişləndirilməsini zəruri sayır.
İclasda ABŞ və İsrailin İrana hərbi hücumundan sonra bölgədəki durum ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
“Yaxın Şərqdə müharibə və Azərbaycan” mövzusunda müzakirələrin keçirilməsi qərara alınıb. Tədbir 18 mart saat 16:00-da Müsavat Partiyasının mərkəzi qərargahında keçiriləcək.
Sonda cari məsələlər müzakirə edilib.

