Rusiya “sükut rejimini” pozdu, Ukraynada 27 nəfər həlak oldu
Çərşənbə axşamı Rusiyanın Ukraynanın müxtəlif bölgələrinə endirdiyi kütləvi zərbələr nəticəsində 27 nəfər həlak olub, ən azı 120 nəfər yaralanıb. Bu barədə Ukraynanın daxili işlər naziri Iqor Klomenko məlumat verib.
Prezident Volodimir Zelenski tərəfindən elan edilən və çərşənbə günü gecə yarısından qüvvəyə minən “sükut rejimi”nə baxmayaraq, Ukraynanın bir neçə regionunun yerli hakimiyyət orqanları atəşə tutulma barədə məlumat yayıb.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa sosial şəbəkə X-də yazıb ki, Rusiya Ukraynanın mayın 5-dən 6-na keçən gecə yarısından təşəbbüs etdiyi atəşkəsi pozub.
“108 pilotsuz uçuş aparatı və 3 raketlə həyata keçirilən Rusiya hücumları bütün gecə davam edib, o cümlədən səhər saatlarında Xarkov və Zaporojyeyə zərbələr endirilib”, — deyə o bildirib.
Onun sözlərinə görə, bu, Moskvanın sülhü rədd etdiyini göstərir və “9 may üçün səsləndirilən saxta atəşkəs çağırışlarının diplomatiya ilə heç bir əlaqəsi yoxdur”.
Ukrayna XİN rəhbəri Rusiyaya təzyiqin artırılmasına çağırıb: “yeni sanksiyalar, beynəlxalq təcrid, Rusiya cinayətlərinə görə məsuliyyətə cəlbetmə və Ukraynaya bütün sahələrdə dəstəyin gücləndirilməsi”nin vacibliyini vurğulayıb.

