Təhsil ailə ilə məktəbin əl sıxdığı yerdə başlayır
Valideyn-şagird-müəllim üçbucağı necə qurulmalı
I yazı
Təhsil sahəsində bitib-tükənməyən bir çox problemlər mövcuddur. Problemlərin səbəbini hərə bir istiqamətdə axtarır. Sosial şəbəkədə vurğulanan səbəblərin bir çoxunu subyektiv və əsassız fikir hesab edirəm. Ona görə də onları bir kənara qoyuram. Kadrların hazırlanması, mükəmməl ömürlük təhsil istiqamətində olan çatışmazlıqları bir səbəb sayıram. Amma ən böyük qüsur, fikrimcə, valideyn-şagird-müəllim (məktəb) üçbucağının düzgün qurulmamasındadır.
Təhsildə çox zaman proqram, dərslik, imtahan, maaş, texnologiya kimi mövzular önə çəkilir. Bunlar vacibdir, amma əsas münasibətlər sistemi qurulmayanda onların təsiri məhdud qalır. Valideyn + Şagird + Məktəb (Müəllim) üçbucağı əslində təhsilin sosial müqaviləsidir. Bu düzgün qurulmayanda digər islahatlar da yarımçıq qalır.
· Bir çox ailələr məktəbi “xidmət göstərən müəssisə” kimi görür, özünü isə prosesin tərəfdaşı hesab etmir.
Nəticədə məsuliyyət məktəbin üzərinə atılır; uşağın davranış və öyrənmə vərdişləri evdə dəstəklənmir; müəllimlə əməkdaşlıq yerinə qarşıdurma yaranır. Halbuki valideyn uşağın ilk müəllimidir.
· Şagird bir çox hallarda prosesin mərkəzi olsa da, məsul tərəf kimi yox, sadəcə qiymət alan tərəf kimi yetişdirilir.
Nəticədə daxili motivasiya zəifləyir; öyrənmək yox, qiymət almaq əsas məqsədə çevrilir; məsuliyyət hissi formalaşmır.
· Məktəb bəzən yalnız tədris edən struktur kimi çıxış edir, tərbiyə və tərəfdaşlıq funksiyası kölgədə qalır. Müəllim isə həm pedaqoq, həm psixoloq, həm idarəçi, həm də hesabat verən şəxs kimi yüklənir.
Nəticədə müəllim yorulur; ünsiyyət keyfiyyəti düşür; məktəb ailədən uzaqlaşır.
Bəs əsas problem nədir? Əsas problem etimadın zəifləməsidir:
• Valideyn müəllimə tam güvənmir.
• Müəllim valideyn dəstəyini hiss etmir.
• Şagird hər iki tərəfin ziddiyyətini görür və boşluqdan istifadə edir.
Beləliklə, üçbucaq yox, parçalanmış xəttlər alınır.
Düzələ bilməyəcək problem olmadığı kimi, bu problemin də həlli yolları mövcuddur. Təklif edəcəyimiz 4 istiqamətə diqqət yetirin:
Hər şeydən əvvəl valideyn maarifləndirilməsi gəlir.
Valideyn iclasları formal yox, praktik olmalıdır:
• uşaqda məsuliyyət necə yaradılır?
• telefon asılılığı necə idarə olunur?
• ev tapşırığına necə yanaşmaq lazımdır?
• müəllimlə necə əməkdaşlıq etməli?
Şagirdin məsuliyyət mədəniyyəti formalaşdırılmalıdır.
Şagird bilməlidir ki, hüququ var, amma vəzifəsi də var. Müəllim xidmətçi, valideyn isə müdafiəçi deyil, o özü öz gələcəyinin sahibidir.
Məktəbdə ünsiyyət modeli təkmilləşdirilməlidir.
Məktəblərdə münasibət dili dəyişməlidir: cəza dili yox, inkişaf dili önə çıxmalıdır. Qorxunu qaydalara riayət etmə zərurəti, formal hesabatı real əməkdaşlıq əvəz etməlidir.
Nəhayət, müəllimin statusu yenilənməlidir.
Cəmiyyətdə müəllim nüfuzu bərpa olunmadan üçbucaq sağlam qurulmur. Müəllimi müxtəlif proseslərdə alətə çevirmək vərdişindən tamamilə əl çəkmək, onun peşəkarlıq səviyyəsininin artırılması qayğısına qalmaq vacibdir.
Təhsilin böhranı çox zaman dərslik böhranı deyil, münasibətlər böhranıdır. Əgər valideyn – şagird – müəllim bir komandaya çevrilərsə, orta səviyyəli proqramla belə nəticə almaq olar. Amma bu üçlük parçalanarsa, ən yaxşı proqram da uğursuz olar.
Təhsil məktəbdə yox, ailə ilə məktəbin əl sıxdığı yerdə başlayır.
Hidayət Allahverdi,
Müsavat Partiyası Təhsil Komissiyasının sədri.

