Şəhid ailələrinə və müharibə əlillərinə yeni dəstək planı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən Müharibəsində şəhid olan şəxslərin ailələrini, müharibə əlilləri və digər iştirakçılar üçün geniş sosial dəstək tədbirləri nəzərdə tutulur.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, bu məqsədlə tədbirlər planı hazırlanıb.
Plan işğaldan azad edilmiş ərazilərin, döyüş zonasına yaxın olmuş bölgələrin sakinlərini, erməni terrorundan zərər çəkmiş şəxsləri də əhatə edir.

Tədbirlər planında şəhid ailələri, müharibə əlilləri və iştirakçılarının özünüməşğulluq proqramına qısa zamanda növbədənkənar cəlb edilməsi, onların istehsal-xidmət və kənd təsərrüfatı sahələri üzrə mal və materiallarla, avadanlıqlarla təmin edilməklə kiçik bizneslərinin yaradılması nəzərdə tutulur.

 

Bundan əlavə, döyüş zonasına yaxın olmuş bölgələrdə özünüməşğulluq proqramına cəlb olunan şəxslər üzrə kvota artırılacaq, proqram üzrə mal və materiallarla, avadanlıqlarla təminat işlərinin genişləndiriləcək.

 

Nazirlikdən bildirilib ki, erməni terroru nəticəsində kiçik müəssisə və ailə təsərrüfatlarına ziyan dəymiş vətəndaşlara özünüməşğulluq proqramı çərçivəsində dəstək göstəriləcək.

 

Bundan əlavə, sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının növbədənkənar cəlb edilməsi, döyüş zonasına yaxın olmuş bölgələrdə bu proqram üzrə kvotaların artırılması, həssas qruplardan olanlar üçün nəzərdə tutulan kvotadan başqa, əlavə olaraq şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün iş yerləri yaradan işəgötürənlər üçün həmin iş yerləri üzrə əməkhaqqının 100 faizədək maliyyələşdirilməsi layihəsinin hazırlanması və icrası nəzərdə tutulur.