Trampın aqoniyası
Tramp gedən ayaqda demokratiyanın düşmənlərini bir daha sevindirdi. Onlar, “gorürsüz, heç Amerikada da demokratiya yoxdur” deyə sevincək olublar. Amma bu sevinc uzun sürməyəcək.
Əlbəttə, əbədi hakimiyyət hərisləri hər yerdə var, Tramp da onlardan biridir, dünən o, öz tərəfdarları qarşısında çıxış edərək, məğlubiyyəti ilə heç vaxt barışmayacağını deyib və bundan sonra iğtişaşlar başlayıb. Amma bura Amerikadır, burada polis “prezidentin adamlarına” güzəşt etmir.
Artıq respublikaçı senatorlar da Trampı xalqın iradəsi ilə barışmağa çağırıblar.
Tramp etdiyi cinayətlərə görə məsuliyyətə cəlb olunacağından narahatdır, ona görə hakimiyyəti əldən vermək istəmir. Amma o, heç nəyə nail ola bilməyəcək.
Çünki bura ABŞ-dır. Bura Rusiya, Suriya, Şimali Koreya, Belarus, Azərbaycan deyil ki, xalqın səsini almadan hakimiyyətdə qalmaq mümkün olsun.
Tramp seçkini uduzub. Səsləri təkrar saydırsa da, özünün təyin etdiyi hakimlərə apelyasiya şikayəti versə də, nəticələri dəyişə bilməyib. Və indi elədikləri sadəcə cığallıq, aqoniyadır.
Respublikaçılar son illərdə Konqres, Senat və qubernator seçkilərində də uduzurlar və bu tendensiyanın fonunda Trampın məğlubiyyəti təəccüb doğurmur.
Bütövlükdə bu hadisələr ABŞ-ın yox, demokratiyanın sınağıdır. Trampın Putin rejimi tərəfindən dəstəkləndiyini də nəzərə alaraq, mən belə deyərdim: bu gün demokratiya ilə avtoritarizm arasında, Xeyir ilə Şər arasında cəbhə xətti ABŞ-ın içindən keçir. Bundan əvvəl belə qarşıdurma Belarusda baş vermişdi, orada Şər qalib gəlmişdi. Ümid edək ki, Amerikada əksi olacaq. İstənilən halda bu qarşıdurmada Şərin yox, Xeyirin tərəfini tutmaq lazımdır.
Mustafa Hacıbəyli