Müsavat Divanının gündəliyi
Fevralın 12-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Müsavat başqanı Arif Hacılı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının nümayəndələri ilə keçirilən növbəti görüşlər barədə məlumat verib.
İclasda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərinin nəticələri müzakirə olunub. Əhalinin böyük hissəsinin səsvermədə iştirak etmədiyi, seçki günü bir sıra pozuntuların, o cümlədən seçki “karuseli” təşkil edilərək, hazırlanmış seçici qruplarının müxtəlif məntəqələrdə dəfələrlə səs verməsi, qutulara topa bülletenlərin atılması, səslərin düzgün sayılmaması və digər hallar müşahidə olunub. Müsavat Partiyasının seçkilərlə bağlı operativ olaraq yaydığı ilkin rəyin mediada geniş yayıldığı və böyük rezonans doğurduğu bildirilib.
Daha sonra görülən işlər barədə məlumat dinlənilib. Ötən həftə Müsavat Partiyasının Göranboy, Oğuz, Şəki, İmişli, Qubadlı və Sabunçu rayon təşkilatlarında ümumi yığıncaqların keçirildiyi və qurultaya nümayəndələrin seçildiyi qeyd olunub.
Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının gedişatı, Ukrayna ordusunun Rusiya işğalçıları ilə mübarizəsində son durum, dünyada və regionda cərəyan edən digər proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.
Basta