Yanvarın 11-də Moskvada Putin-Əliyev-Paşinyan görüşü keçiriləcək
Yanvarın 11-də Rusiya prezidenti, Azərbaycan prezidenti və Ermənistanın baş naziri arasında üçtərəfli danışıqlar baş tutacaq.
Vladimir Putinin təşəbbüsü ilə yanvarın 11-də Moskvada Rusiya Federasiyasının Prezidenti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar keçiriləcək, Rusiya prezidentinin rəsmi saytı xəbər verib.
“Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağla bağlı 9 noyabr 2020-ci il tarixli Bəyanatının icrasına baxılması planlaşdırılır və bölgədəki problemlərin həlli üçün gələcək addımların müzakirə edilməsi nəzərdə tutulur. Döyüş əməliyyatlarından zərər çəkmiş bölgələrin sakinlərinə yardımın göstərilməsi, eləcə də ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin işə salınması və inkişafı məsələlərinə xüsusi diqqət yetiriləcək,” – məlumatda deyilib.
Məlumata əsasən, bundan əlavə, Vladimir Putinin İlham Əliyev və Nikol Paşinyan arasında ayrıca söhbətlər nəzərdə tutulur.
BBC