Mehriban Vəzir Türkiyədəki insanlıqdan yazdı
Kovidi qürbətdə tutmuş, qurtulmuş və “getsin-gəlməsin” eşqi ilə yaşayanlardan biri olaraq bəzi təəssüratlarımı bölüşüm:
Hər kəs kimi necə-harda yaxalandıq, evə kim gətirdi, bilmədik. Gözlə görünən o oldu ki, evdə olan 3 yetkin adam qrip idik. Qızım yoldaşı ilə gedib test verdilər: pozitiv çıxdılar. Ev karantinə alındı, yəni 10 gün evdən çıxmaq olmaz deyə xəbərdar edildi. Mənim testimi gəlib evdə etdilər, mən də pozitiv oldum. Balacaları test etmədilər, “gərək yoxdu” dedilər.
Əlbəttə, dünyanın pandemi müsibəti olmasaydı, qrip deyib keçəcəkdik, elə də keçmişdik, testin nəticəsi bəlli olduqdan sonra durum dəyişdi… psixoloji bir yük gəldi üstümüzə… diqqətimizi artırdıq…
Elə həmin gün “sağlık ocağı”ndan (poliklinika) həmşirə gəldi dərman gətirdi. 5 günə 40 tablet, 1-ci gün 16 = 8+8 və s.. Vitamin qismini isə özümüz təyin etdik…
Ötən 10 gün ərzində biz 3 nəfərin hər biri üçün sağlık ocağından, bələdiyyədən, valilikdən, hətta sağlıq bakanlığından 6-7 zəng gəldi. Ən çox da mənə… yaş riski ilə əlaqədar… Müxtəlif suallar verirdilər, simtomları öyrənirdilər. Durumun ev şəraitinə uyğun olub olmadığını araşdırırdılar. Çünkü vəziyyəti ağır olanları həmən xəstəxanaya alırlar.
Sağlıq bakanlığı təmsilçisi sonda geniş müsahibə-monitorinq apardı: evə həkim gəlibmi, sağlıq ocağından neçə dəfə zəng olub, dərmanları necə içmisiniz, simptomlar nə idi, nədir və s. sonda da bizə vaxt ayırdığınız üçün dərin təşəkkürlər.
Yəni 10 günlük karantini tam nəzarət, qayğı altında yaşadıq, dövlət bizimlə uğraşdı…
Ən maraqlısı… elə birinci gün valilikdən zəng etdilər… ünvanı, sayımızı dəqiqləşdirdilər. 2 gün sonra çəkisi təqribən 15-20 kq olan ərzaq qutusu gətirdilər. Qutunun içində təməl qida – yağ, un, şəkər, duz, pendir, noxud, lobya, bulqur, düyü, cem, süd və digər… yəni evdən çıxmadan azı 2 həftə idarə edəcəyin qədər yemək…
Daha maraqlısı… qonşu düz 10 gün hər axşam qapıya hazır pişmiş – şorba, ana yemək, salat… bəzən şirniyyat qoyub mesaj yazdı ki… götürün… Hər gün! Düz 10 gün!
Dostlardan soruşdum ki, Azərbaycanda da yoluxan, karantinə alınan evlərə dövlət pulsuz ərzaq göndərirmi? Gördüm deyən olmadı…
Səhiyyə Nazirliyindən zəng edib tək-tək monitorinq keçirirlərmi, kef-hal edib anket doldururlarmı? Bu suala da “hə” deyən olmadı…
Mən Türkiyədə bu pandemi sürəcində istər dövlətin vətəndaşa yanaşmasında, istər qonşunun əməlində bir insanlıq, nəciblik gördüm…
Türkiyə ideal ölkə deyil, min dərdi, qüsuru var… amma bizim idarəetmənin və vətəndaşın bu dövlətdən və bu toplumdan öyrənəcəyi çox şey var…
Nə yazıq ki… idarəetmə bu halı ilə görüb-götürəcək kimi görünmür…
Amma sizlər – qonşular… bir-birinizə hayan olun… yaxşı qonşu olun ki yaxşı qonşularınız olsun…
Türkiyədə qonşuluq dəyərləri yüz il əvvəlki kimi qutsal qalıb…
Nə isə… olmasın azar… olsa belə… qorxmayın… getsin… gəlməsin…
s.a. Göydə Allahın şəfası, Yerdə dostların duası üstünüzdən əskik olmasın…
Yazı Mehriban Vəzirin feysbuk səhifəsindən götürülüb.