Liviyada həbsdə olan dənizçilərimiz Azərbaycana qaytarıldı

Liviyada 5 il həbs edilmiş Azərbaycan vətəndaşları ölkəyə qayıdıblar, Xarici İşlər Nazirliyi (XİN) bildirib.

 

Qurum açıqlayıb ki, 2016-cı ilin mart ayında Türkiyədə qeydiyyatda olan şirkətə məxsus olan və Syerra-Leone bayrağı altında üzən gəmi Liviya-Malta-Türkiyə istiqamətində hərəkət edən zaman Liviya sahil qüvvələri tərəfindən saxlanılıb və 3-ü Azərbaycan vətəndaşı olmaqla 12 nəfərdən ibarət gəmi heyəti “neft məhsullarının qaçaqmalçılığına görə” 5 il müddətinə həbs olunublar.

 

Məlumatda deyilir ki, gəminin matrosu Elşad Hüseynov Liviyada dünyasını dəyişib.

 

XİN açıqlayıb ki, gəmi kapitanı Elmixan Bağırov və matros Əliağa Babayev Liviya Baş Prokurorluğunun 29 dekabr 2020-ci il tarixli qərarı ilə həbsdən azad edilib və müvəqqəti saxlama mərkəzinə yerləşdiriliblər.

 

Məlumatda bildirilir ki, sözügedən vətəndaşlar yanvarın 21-də Tripoli-İstanbul-Bakı reysi ilə Azərbaycana qayıdıb.