Əli Kərimlinin cangüdəninə qarşı yeni ittiham irəli sürülüb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin cangüdəni Niyaməddin Əhmədova qarşı yeni ittiham irəli sürülüb. Vəkil Zibeydə Sadıqova Turan-a bildirib ki, o, CM-in 233-1.1.2-ci (mülki dövriyyədən çıxarılmış əşyaların qanunsuz olaraq hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması, gəzdirilməsi və başqa şəxsə verilməsi və ya satılması) və 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar, dəfələrlə və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham olunub.
Bu maddələrin hər biri üzrə N.Əhmədovu 8 ilədək azadlıqdan məhrum olunma təhlükəsi gözləyə bilər. Öncə ona qarşı CM-in 214-1-ci (terrorizmin maliyyələşdirilməsi) maddəsi üzrə ittiham irəli sürülmüşdü. İstintaqı Baş Prokurorluğun İstintaq İdarəsi aparır.
Vəkil qeyd edib ki, həbsdən ötən 8 ay ərzində N.Əhmədovun ailə üzvləri ilə telefonla danışmasına icazə vermirlər. Müdafiə tərəfi Sabuinçi Rayon Məhkəməsinə şikayət verib, lakin məhkəmə qəbul etməyib. Apellyasiya Məhkəməsinə şikayət də əbəs olub.
Öz növbəsində AXCP-də bildiriblər ki, N.Əhmədov əvvəlki ittiham kimi yeni ittihamları da rədd edir, onları əsassız və absurd hesab edir.
N.Əhmədovun atası Arif Əhmədov həbsdən sonra ilk dəfə, yanvarın 19-da oğlu ilə görüşüb. “Görüş yarım saat davam etdi. O dedi ki, Niyaməddin günahsız olduğunu və ittihamda yazılanların hamısının yalan olduğunu bildirdi. Biz bilirik ki, bu işin əvvəlində onu çox işgəncə ediblər, etmədiyi şeyləri etiraf etməsinə çalışıblar. Onlar cinayət işini saxtalaşdırıblar”, – ata deyib.
Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanıyıblar.