Azərbaycanda fevralın 1-dən məktəblər açılır

Azərbaycanda fevralın 1-dən bütün təhsil müəssislərində əyani dərslər mərhələli şəkildə bərpa ediləcək.

 

Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Təhsil Nazirliyinin cümə günü keçirdiyi brifinqdə təhsil naziri Emin Əmrullayev bildirib ki, fevralın 1-də Bakı, Sumqayıt şəhərlərində, Abşeron rayonunda və bütün ölkə ərazisində təhsil müəssisələrində ibtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti qismən bərpa ediləcək.

 

Onun sözlərinə görə, I-IV cü siniflər böyük şəhərlərdə həftədə 3 dəfə olmaqla, qismən daha kiçik bölgə və kəndlərdə isə, ənənəviyə daha yaxın fomatda, həftədə 4-5 dəfə olmaqda məktəbə gedə biləcəklər.

 

Cənab Əmrullayev deyib ki, V-IX-cu siniflər, o cümlədən peşə və ali təhsil müəssisələrində qismən təhsilin bərpa edilməsilə bağlı müvafiq qərarların verilməsi nəzərdə tutulur.

 

Nazir bildirib ki, bu qərara həm də ölkədə koronavirus infeksiyasına yoluxmanın sabit qalması və artımın olmaması təsir edəcək.

 

O, həmçinin bildirib ki, bu, əsasən Azərbaycanda metropolitenin yenidən fəaliyyətə başlamasından aslı olacaq, çünki müəllim və texniki işçiləri əsasən bu nəqliyyat vasitəsindən istifadə edir.

 

Bundan başqa nazir uşaq bağçalarının fevralın 15-dək açılacağına ümid etdiyini deyib və qeyd edib ki, “hələ ki, bununla bağlı proqnoz vermək tezdir.”

 

O, həmçinin əlavə edib ki, fevralın 1-dən müəyyən say gözlənilməklə və qaydalara riayət olunmaqla repetitorluq xidmətinin bərpası da nəzərdə tutulur.

 

Emin Əmrullayev vaksinasiya olunacaq müəllimlərin siyahısının da hazır olduğunu qeyd edib.

 

O, vaksinasiyanın könüllü olduğunu deyib və bildirib ki, Bakı, Sumqayıt və Abşeronda fəaliyyət göstərən 17 minə yaxın, bölgələrdə isə 32 mindən çox təhsil işçisinin vaksinasiya olunması nəzərdə tutulur.

 

Brifinqdə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu fiziki tərbiyə dərslərində fiziki təmasların çox olduğu üçün müvəqqəti olaraq bu dərslərin əyani tədrisinin dayandırılmasının tövsiyə olduğunu deyib.

 

Azərbaycanda COVİD-19 pandemiyasına görə uzun müddət tədris onlayn formatda həyata keçirilib.