Rusiyada repressiyalar: 3000 nəfərdən çox etirazçı saxlanılıb – Rekord

Rusiyada şənbə günü keçirilən etiraz aksiyalarından sonra kütləvi repressiyalara start verilib. “Nastoyaşeye vremya” xəbər verir ki, təkcə Moskva şəhərində dünənki  aksiyalarda iştirak etmiş 1300 nəfərdən çox etirazçı saxlanılıb. Sankt-peterburqda bu rəqəb 500-ü keçib. Ümumilikdə Rusiyada 3 000 nəfərdən çox etirazşının saxlanıldığı və bu rəqəmin rekord olduğu bildirilir.

 

ABŞ Dövlət Departamenti aksiyaların dağıdılması zamanı polisin aşırı güc tədbiqini pisləyib və  həbs edilənlərin dərhal sərbəst buraxılmasını tələb edib.

 

 

Rusiyanın bir sıra əyalətlərində etiraz aksiyalarının təşilatçılarına qarşı onlarla cinayət işləri qaldırılıb.

 

Aksiyalar müxalif siyasətçi Aleksey Navalnının çağırışı ilə təşkil edilib. Etirazların davam edəcəyi gözlənilir.

 

Yanvarın 18-də Moskvanın  Ximki rayon məhkəməsi Rusiya prezidenti Vladimir Putinin ən fəal tənqidçisi olan Aleksey Navalnının 30 sutka inzibati həbs olunması barədə qərar çıxarıb və o “Matrosskaya tişina” istintaq təcridxanasına yerləşdirilib. Məhkəmə iclası prosesual qanunvericiliyə zidd olaraq polis idarəsinin binasında keçirilib.

 

Ötən ilin avqust ayında  Navalnı səhhəti qəfildən pisləşdikdən sonra koma vəziyyətində Almaniyaya aparılıb. Onun Rusiyada “Noviçok” zəhəri ilə zəhərləndiyi, bu əməliyyatda Rusiya xüsusi xidmət orqanlarının iştirak etdiyinə dair ciddi sübutlar ortaya qoyulub.