Azad Rəhimov ABŞ-da ağır vəziyyətdədir

Gənclər və idman naziri Azad Rəhimov Nyu-York klinikalarından birində ağır vəziyyətdədir. Bu barədə Turan agentliyinə diaspordakı mənbələrdən məlum olub.

 

Təsdiqlənməmiş məlumatlara görə, o, koronavirusdan sonra kəskinləşən onkoloji xəstəlikdən əziyyət çəkir.

 

Gənclər və İdman Nazirliyi bu məlumatları şərh etmir. Nazirin ABŞ-a nə vaxt və hansı məqsədlə getdiyi də məlum deyil.

 

Azad Rəhimovun adı tez-tez böyük korrupsiya qalmaqallarında keçib və o, beynəlxalq yarışların, tədbirlərin həyata keçirilməsi və obyektlərin tikintisi zamanı on milyonlarla dolların mənimsənilməsi və oğurlanması ilə bağlı jurnalist təhqiqatının obyektinə çevrilib.

 

Onun dövründə idmandakı bir çox nailiyyətlər gənc milli kadrların hazırlanması hesabna yox, legionerlərin hesabına əldə edilib.

 

A.Rəhimov həmçinin idman federasiyalarının, o cümlədən Alpinizm Federasiyasının işinə kobud müdaxilə ilə tanınır. Belə ki, A.Rəhimov və keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ən titullu alpinist, Everestə və Himalayın digər səkkizminliklərinə qalxan ilk alpinist İsrafil Aşurlının Azərbaycanı tərk etməsinin təşəbbüskarı olublar.

 

Azad Rəhimovun nailiyyətləri haqda aşağıda oxumaq olar:

 

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması üzrə Beynəlxalq Jurnalist Layihəsi (OCCRP) Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov tərəfindən korrupsiya haqqında materiallar dərc etməyə davam edir. Məlumatlar Rəhimova yaxın firmaların 10 ildən çox müddət ərzində fəaliyyətinə aiddir.

 

Dünən araşdırmanın Azərbaycanda Rəhimovun şirkətində işləyən əcnəbilərin dəhşətli əmək və həyat şəraitindən bəhs edən birinci hissəsi dərc edilib.

 

Araşdırmanın ikinci hissəsində müasir Avropada əmək istismarı haqqında ən böyük qalmaqalın mərkəzində qalan ofşor SerbAz şirkətinin fəaliyyəti ifşa olunur.

 

2006-2009-cu illərdə şirkət Bakıda bir sıra binaların, xüsusən mühüm dövlət tədbirlərinin keçirildiyi “Buta Palace” sarayının və “Baku-Expo” sərgi mərkəzinin tikintisi və təmiri işləri üçün Balkanlardan 700-dən çox işçi cəlb edib. Bu layihələrin həyata keçirilməsi Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilib.

 

“Əcnəbi işçilərlə müasir qul kimi davranırdılar. Onlar darısqal şəraitdə saxlanılır, az yeməklə təmin edilirdilər. Bu zaman onlar gündə 12 saat işləyirdilər. Pasportları müsadirə edilmişdi, əmək haqları isə kəsilirdi, bəziləri döyülüb, iki nəfər isə vəfat edib”, deyə araşdırmada qeyd edilir.

 

 

Əcnəbilərin müqavilə üzrə vəd edilən ödənişin edilməməsi ilə bağlı şikayətlərinə məhəl qoyulmayıb. OCCRP-nin çoxillik araşdırması göstərib ki, SerbAz-ın güclü hamisi ölkənin gənclər və idman naziri Azad Rəhimov olub.

 

SerbAz-ın bir neçə il ərzində çoxmilyonluq dövlət sifarişləri aldığı və Rəhimovun həyat yoldaşının adına olan şirkətlə – ziynət əşyalarının idxalçısı olan İtalDizain-lə müqavilələr bağlayıb. 2006-cı ildə nazir olana qədər Rəhimov özü İtalDizain-in direktoru olub.

 

2006-cı ilin sonlarında Azərbaycanda növbəti ilin yayında bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcəyi elan edilib. Bunun üçün böyük idman kompleksi təmir edilməli idi və Gənclər və İdman Nazirliyi bu işlər üçün SerbAz-la 5,3 mln. dollar dəyərində müqavilə bağlayıb.

 

 

Azad Rəhimovdan niyə bu şirkəti seçdiyi soruşulduqda o, bunu obyektin “mürəkkəb konfiqurasiyaya və memarlığa” malik olması və onun yenidənqurması üçün xaricdə istehsal olunmuş “müasir materiallar” lazım olması, buna görə “bu sahədə böyük təcrübəsi olan” operator lazım olması ilə izah edib.

 

Maraqlıdır ki, müqavilə bağlanmazdan əvvəl SerbAz heç mövcud olmayıb və Azərbaycanda bir həftə sonra qeydiyyatdan keçib. Bundan başqa, yerli KİV-lər şirkətin bu işlər üçün rəsmi olaraq seçilməzdən bir il əvvəl işlərə başladığı barədə məlumat yayıblar.

 

İlk yenidənqurmadan sonra SerbAz Rəhimovdan əlavə işlər üçün 700 min dollarlıq daha bir müqavilə alıb. Bu məlumatlar Rəhimovun prokurorluğa göndərdiyi rəsmi məktubdan götürülüb. O, bu məktubda rəhbərlik etdiyi nazirliyin SerbAz-la əməkdaşlığının səbəblərini izah edir.

 

Turan