Senat Entoni Blinkeni Dövlət Katibi vəzifəsinə təsdiq etdi

ABŞ Senatı çərşənbə axşamı Entoni Blinke ölkənin növbəti dövlət katibi vəzifəsinə namizədliyini təsdiq edərək, Bayden administrasiyasının Tramp administrasiyasının təcrid siyasətindən imtina etməsi üçün zəmin hazırlayıb.

 

Blinken ölkənin 71-ci dövlət katibi vəzifəsinə 22 səs əleyhinə 72 səs lehinə səsvermə nəticəsində təsdiqlənib.

 

Senatda Demokrat əksəriyyət lideri olacaq Çak Şumer sözlərinə görə, Blinken ABŞ-ın beynəlxalq təhlükəsizlik prioritetlərini beynəlxalq səhnədə canlandırıb təsdiqləməli olacaq.

 

Mühafizəkar qanunvericilərin Blinkenin namizədliyinə etirazı onun yeni administrasiyanın 2015-ci ildə İranla nüvə anlaşmasına yenidən daxil olmasına kömək edə biləcəyi və keçmiş prezident Donald Trampın Tehrana qarşı “maksimum təzyiq” kampaniyasını dayandıra biləcəyi ilə bağlı narahatlıqlarına əsaslanırdı.

 

Ötən həftə namizədliyinin təsdiqi ilə bağlı dinləmələrdə Blinken Çin, İran, Rusiya və Şimali Koreyanın yaratdığı problemlərlə üzləşməyə hazır olduğunu bildirib.

 

O, Çinin ABŞ-ın milli maraqları üçün “ən ciddi sınaq olduğunu” deyib, lakin əməkdaşlıq üçün imkan olduğunu qeyd edib.

 

“Münasibətlərdə mübahisəli məqamlar artır; əlbəttə ki, rəqabət var və qarşılıqlı maraqlarımıza uyğun gələn bəzi istiqamətlərdə iş birliyi mümkündür” – deyə, o bildirib.

 

Blinken həmçinin Dövlət Departamentində mənəvi ruhun bərpa edilməsi və diplomatik korpusun yenidən qurulacağına söz verib. O, ABŞ-ın xaricdə mövqeyini “təvazökarlıq və güvənə” əsaslanan liderlik kimi gördüyünü açıqlayıb.

 

Obama administrasiyası dövründə Dövlət Katibinin müavini olmuş 58 yaşlı Blinkenin prezident Co Baydenlə yaxın əlaqələri var. O, Bayden komitənin sədri olduğu dövrdə Senatın Xarici Əlaqələr Komitəsində kadr direktoru, daha sonra isə Vitse-Prezident Baydenin milli təhlükəsizlik müşaviri olub.

 

Xarici Əlaqələr Komitəsi Blinkenin namizədliyini 15 lehinə 3 əleyhinə səslə təsdiqləmişdi.

 

Amerikanı səsi