Putinə qarşı növbəti etiraz aksiyası təyin olundu

Rusiyada prezident Vladimir Putinə qarşı növbəti etiraz aksiyası yanvarın 31-nə təyin olunub.

 

Bu haqda Korrupsiyaya Qarşı Mübarizə Fondunun direktoru İvan Jdanov məlumat yayıb.

 

O, bazar gününə təyin olunan aksiyanın sanksiyalasdırılması üçün  hökumət orqanlarına müraciət edilməyəcəyini bildirib: “Hökumət onsuz da heç bir aksiyaya icazə vermir. Ötən şənbə günü olduğu kimi, bütün Rusiya boyunca aksiyalar Aleksey Navalnı azad olunanadək davam edəcək”.

 

 

Rusiyada ötən şənbə günü keçirilən etiraz aksiyalarından sonra kütləvi repressiyalara start verilib. “Nastoyaşeye vremya” xəbər verir ki, təkcə Moskva şəhərində dünənki  aksiyalarda iştirak etmiş 1300 nəfərdən çox etirazçı saxlanılıb. Sankt-peterburqda bu rəqəb 500-ü keçib.

 

 

Yanvarın 18-də Moskvanın  Ximki rayon məhkəməsi Rusiya prezidenti Vladimir Putinin ən fəal tənqidçisi olan Aleksey Navalnının 30 sutka inzibati həbs olunması barədə qərar çıxarıb və o “Matrosskaya tişina” istintaq təcridxanasına yerləşdirilib.

 

Ötən ilin avqust ayında  Navalnı səhhəti qəfildən pisləşdikdən sonra koma vəziyyətində Almaniyaya aparılıb. Onun Rusiyada “Noviçok” zəhəri ilə zəhərləndiyi, bu əməliyyatda Rusiya xüsusi xidmət orqanlarının iştirak etdiyinə dair ciddi sübutlar ortaya qoyulub.