ALDE-nin toplantısında Müsavat başqanı çıxış edib
Yanvarın 27-də Avropa Liberal Demokratlar Alyansının (ALDE-nin) Avropa Parlamentindəki fraksiyasının, “Renew Europe”-nın təşəbbüsü ilə, onlayn formada Şərq Tərəfdaşlığı mövzusunda müzakirələr başlayıb.
Bu haqda Müsavat başqanının müavini Səxavət Soltanlı məlumat yayıb.
Məlumatda bildirilir ki, müzakirələrdə Şərq Tərəfdaşlığı müqaviləsinə daxil olan, Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova, Belorusla yanaşı Rusiyadan da olan əsas siyasi təşkilatların rəhbər şəxsləri, Renew Europe fraksıyasının və Avropa Parlamentinin rəhbərliyinə daxil olan şəxslər və deputatlar iştirak edib.
Müzakirələrdə Renew Europe fraksiyasının prezidenti Dacian Cioloș, Avropa Parlamentinin üzvü və Belorus üzrə məruzəçi Petras Auštrevičius, Renew Europe qrupunun Xarici siyasət məsələləri üzrə koordinatoru, Hilde Vautmans, Avropa İttifqaının “Dəyərlər və Şəffaflıq” (Values and Transparency) Komissiyasının sədr müavini Věra Jourova, Rusiya, Şərq tərəfdaşlığı, Orta Asiya, Regional əməkdaşlıq üzrə Avropa Birliyinin Xarici Fəaliyyət Xidmətinin drektor müavini Luc Devigne, Avropa Parlamentinin üzvü, Renew Europe fraksiyasının vitse-prezidenti Michal Šimečka, Avropa Parlamentinin deputatı, Moldova üzrə daimi məruzəçi Dragoș Tudorache məruzələrlə çıxış ediblər.
Tədbirdə Azərbaycanı təmsil edən Müsavat Partiyasının başqanı Arif Hacılı çıxış edərək Azərbaycan və Avropa İttifaqı arasında siyasi və iqtisadi münasibətlərin inkişafının zəruriliyi, Avropa Birliyinə daxil olan ölkələrlə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi, Azərbaycanda insan haqları və demokratiyanın hazırkı vəziyyəti, o cümlədən siyasi məhbus problemi, Qarabağ məsələsinin nizamlanması prosesinin Rusiyanın nəzarətindən çıxarılması, Azərbaycan və Ermənistan arasında ikitərəfli müzakirələrin daha səmərəli ola biləcəyi və digər mövzular haqqında danışıb. Bu məsələrlə bağlı konkret təkliflər verib.
Müzakirələr qarşıdakı günlərdə davam etdiriləcək.
Basta