Müsavat başqanı: “İlham Əliyev bu dəhşətli faktlara göz yumub, keçmişi təftiş etməklə məşğuldur”

Laçın və Kəlbəcər rayonları da tədricən Rusiyanın işgalı altına düşür.

 

Bunu Müsavat başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

 

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Azərbaycanın yük  maşınlarının Suqovuşan ərazisində Rusiyanın  sülhməramlı adlandırılan qüvvələrinin qanunsuz postunda saxlandığı və Kəlbəcərə buraxılmadığını əks etdirən videogörüntülər yayılıb.

 

“Azərbaycan ərazisinə qanunsuz olaraq gətirilən rus qoşunlarının özbaşınalığı davam edir. Rus hərbçiləri Yuxarı Qarabağ ərazisinə nəinki oradan köçkün olan soydaşlarımızın qaytarılmasına, hətta Azərbaycan dövlət rəhbərlərinin, yerli jurnalistlərin daxil olmasına belə icazə vermir. Tədricən Laçın və Kəlbəcər əraziləri də Rusiyanın işğal ərazisi altına düşür” – deyə, Müsavat başqanı etirazını bildirib.

Arif Hacılı qeyd edib ki, Rusiyadan separatçı rejimin sərəncamına gələn yüklər Azərbaycan ərazisindən keçir, amma Azərbaycan maşınları Kəlbəcər ərazisinə buraxılmır: “Dövlət təhlükəsizliyimizə görə məsuliyyət daşıyan İlham Əliyev isə bu gün baş verən bu dəhşətli faktlara göz yumub 28-30 il əvvəlki hadisələri təftiş etməklə məşğuldur”.

 

Xatırladaq ki, İlham Əliyev son çıxışlarında “AXC-Müsavat cütlüyünü” Şuşanı düşmənə təslim etməkdə ittiham edib.

 

Basta