Taksi sürücüləri “Maksim” və “Omeqa” şirkətlərini boykot edir – Aksiya

 

Artıq bir neçə gündür ki, Bakıda minə yaxın taksi sürücüsü “Maksim (2111) və “Omeqa” (0404) çağrı mərkəzlərini boykot ediblər.

 

Sürücülər bu şirkətlərdə qiymətlərin həddən artıq ucuz olması və təklif olunan şərtlərin onları qane etmədiyini bildirirlər. Boykotçu sürücülər bu şirkətlərdən sifarişləri qəbul etmir, öz sıralarını getdikcə genişləndirmək üçün səy göstərirlər.

 

Sürücülər arasında təşkilatlanma işinə start verilib. Artıq Teleqram sosial şəbəkəsində “Boykot” kanalı yaradılıb və bir neçə gün ərzində 943 sürücü bu kanala abunə olub.

 

Həmçinin Taksi Sürücülərinin İctimai Birliyi təsis edilib və qurumun feysbuk səhifəsi yaradılıb.

 

Aksiyanın elan edilən məqsədi “Sürücülərin hüquqlarını pozan və insan əməyi üzərində minimum qiymət rəqabətinə girən çağrı mərkəzlərini və şirkətləri boykot etməkdir”.

 

“Bir çoxlarının ağlına gəlmir ki, qiymət müştəri tutmaq məqsədi ilə çağırı mərkəzləri arasında gedən rəqabətə görə bu şəkildədir. Çoxları elə bilir ki, bu qiyməti çağırı mərkəzi hesablayıb və bu qiymətlə işləmək olar deyə qeyd edib.Qətiyyən hansısa ucuz çağırı mərkəzi taksi sürücüsünü düşünüb qiymət müəyyən etmir!!!” – deyə “Boykot” teleqram kanalında bildirilir.

 

Taksi sürücülərinin bütün taksi şirkətlərinə aid olan başqa tələbləri də var.

 

Bura qoşulma haqqının ləğv edilməsi, şirkətin reklamı olan “şahmat”dan istifadə edilmədiyinə görə cərimələrin ləğv olunması, sürücülərin maaş müqabilində işlədiyi şirkətlərdə iş saatının 12-14 saatdan 8 saata endirilməsi və istirahət günlərinin artırılması daxildir.

 

Kanalda yazılan başqa bir qeyd isə aksiyanı genişləndirmək cəhdinin heç də hamar getmədiyini göstərir.

 

“Ağız büzən, “brat, işiniz gücünüz yoxdur”, “boş-boş şeylərdi, özün necəsən”, “biz kimik ee onlara nə isə edək”, ” tanıyırsan kanalı işlədənləri? boş ver getsin, sabah satılacaqlar”, “mən ucuz şirkətlərdə işləmirəm, nəyimə lazım”, “Allah bilir hansı şirkətin adamlarıdı, oyundu, boş şeydi” və s. söz deyənləri boş verin. Ağlı başında, işini bilən bütün sürücüləri yığın bura”.

 

Bu qeydlə təşkilatçılar hansısa şirkətin, yaxud məmurun  sifarişini yerinə yetirmədiklərini və sona qədər mübarizə aparacaqlarını ifadə ediblər.

 

Qeyd edək ki, taksi xidmətindən istifadə edənlər qiymətlərin ucuz olmasında maraqlıdır. Qiymətləri isə bazar özü müəyyən etməlidir.

 

Bununla belə  taksi sürücülərinin bir toplum olaraq təşkilatlanması və öz haqları uğrunda mübarizə aparması ölkədə ictimai mədəniyyətin yüksəldiyini göstərən təqdirəlayiq bir haldır. Öz haqları uğrunda mübarizə aparan hər kəsə dəstək verməyə, eyni zamanda qarşı tərəf olan çağrı mərkəzlərinin mövqeyini dərc etməyə hazırıq.

 

Mustafa Hacıbəyli

 

Basta