Arif Hacılı: “Şəhidlərimizi ziyarət etməyimiz hakimiyyəti narahat edib”
Müsavat başqanı Arif Hacılı ilə birlikdə rayonlarda şəhid məzarlarını ziyarət edən müşaviri Azər İsmayıl Sabirabad polisi tərəfindən “maska taxmadığına görə” cərimələnib, müavini Səxavət Soltanlı isə Qaradağda polisə çağırilıb.
“Ziyarət zamanı bizim və bizimlə olan hər kəsin tibbi maskası olub, yalnız şəkil çəkilən zaman 1-2 epizodda tibbi maskaları çıxarmışıq deyə Sabirabad, Abşeron, Qaradağ polisi hərəkətə keçib. Bəzi dostlarımız artıq buna görə cərimələnib” -deyə, Səxavət Soltanlı bildirib.
“Respublikanın rayonlarında şəhidlərimizin məzarlarını ziyarət etməyimiz hakimiyyəti ciddi narahat edib”. Bunu Müsavat başqanı Arif Hacılı özünün feysbuk hesabında yazıb.
“Ölkə polisi hərəkətə keçib. Arxamızca gəzib bizi izlədikləri bir yana indi də mənimlə birlikdə şəhidlərimizin məzarlarını ziyarət etmiş Müsavat üzvləri polis idarələrinə çağırılır. Guya açıq havada, 10 nəfərdən az olan qrupların ziyarət mərasimində şəkil çəkdirmə zamanı bəzi Müsavat üzvlərinin maskalarını çıxarmaları hakimiyyəti o qədər narahat edib ki, Abşeron, Sabirabad, Bilasuvar və başqa rayonların polis idarələri həyacana gəlib”.
Arif Hacılı xatırladıb ki, bazar günü Suraxanı polisi Müsavatın yerli təşkilatı üzvlərinin bəzən toplaşdığı bir məkana hücum edib 5 nəfəri qanunsuz olaraq saxlayaraq polis idarəsinə aparmışdı, onlara qarşı siyasi məzmunlu təhdidlərə yol vermişdi.
“Aydındır ki, bu hərəkətlənmə heç də pandemiya ilə bağlı deyil. Hakimiyyət bütün təziqlərə, təhdidlərə baxmayaraq yenə də bütün ölkə miqyasında fəaliyyətimizdən, xüsusilə şəhidlərimizə sahib çıxmağımızdan narahatlıq keçirir. Müsavat Partiyası olaraq bizim xalq qarşısında xüsusi missiyamız var.
Bütün təziq və təhdidlər bizi bu missiyanı yerinə yetirməkdən heç vaxt çəkindirməyib və çəkindirməyəcək” – deyə, Arif Hacılı vurğulayıb.