Altılıq platforması: Məqsəd Mərkəzi Asiyaya yol açmaqdırmı?
Fevralın 19-da Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli 9-cu görüşünün keçirilməsi planlaşdırılır.
Bu səbəblə bu gün Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlunun Azərbaycana iki günlük səfərə gələcək. Gürcüstanın Baş nazir köməkçisi və xarici işlər naziri David Zalkaliani isə fevralın 19-da Bakıya gələcək.
Türkiyə XİN bildirib ki, nazir Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək, Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək və üçtərəfli görüşdən başqa, gürcü nazirlə də təkbətək görüş keçirəcək.
Türkiyə XİN deyir ki, görüşlərdə ölkələr arasında münasibətlər və regional məsələlərlə bağlı yeniliklər və strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlığı inkişaf etdirmək üçün atıla biləcək addımlar müzakirə ediləcək.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl Cənubi Qafqaz üçün Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və Ermənistanın iştirakını nəzərdə tutan 6 ölkənin regional əməkdaşlıq platforması təklif edib. Bəs, görəsən, müxtəlif qüvvələrin çəkişdiyi bölgədə yeni təşəbbüsü gerçəkləşə bilərmi?
Ötən ilin dekabr ayında Altılıq və yaxud da “3+3” əməkdaşlıq platforması ilə bağlı təşəbbüsü irəli sürən Türkiyə lideri deyib ki, o, bölgədə sabitliyi bərpa edə, Ermənistanla münasibətlərdə isə, “yeni səhifə” aça bilər.
Lakin belə görünür ki, müharibənin ardınca siyasi təlatümlər dövrünə girən Ermənistan cəmiyyətində Türkiyə və Azərbaycanın iştirakını nəzərdə tutan layihələr hələ də çox həssas bir mövzu olaraq qalır.
Noyabr ayında Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatdan sonra Ermənistanda daxili siyasi böhran hökm sürür. Ölkədə Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mütəmadi etiraz aksiyaları keçirilir.
Ötən ay bölgə əməkdaşlığı barədə danışan Ermənistan lideri Rusiya ilə nəqliyyat əlaqələrinin bərpasına müsbət qiymət verib.
“Bizi Rusiya ilə birləşdirən bir yox, bir neçə yolun olmasını istəyirik. Əgər dəmir yolu Ermənistanı Fars körfəzi və Rusiya ilə birləşdirən real faktora çevrilərsə, bu dönüş nöqtəsi olacaqdır,” – Ermənistanın Baş naziri deyib.
Lakin Nikol Paşinyan Altılıq paltforması kimi həssas mövzuya toxunmayıb. Politoloq Armine Manukyan hesab edir ki, hazırda Erdoğanın irəli sürdüyü təşəbbüsün gerçəkləşməsi perspektivi real görünmür.
“İndiki Ermənistan hakimiyyətinin siyasi böhranda bu cür addımlar atması ehtimalı azdır,” – deyə Manukyan İzvestiya qəzetinə bildirib. Onun sözlərinə görə, cəmiyyət bunu qəbul etməyə hazır deyil.
Ermənistan Milli Məclisi İqtisadi Məsələlər üzrə Daimi Komissiyasının sədri, “Mənim addımım” iqtidar fraksiyasının üzvü Babken Tunyan Ermənistanın Azərbaycanla Türkiyə və Gürcüstanın da üzv olduqları Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) daxil olduğunu xatırladıb və “Türkiyənin qarşılıqlı maraq kəsb edən təklifləri varsa, onları artıq mövcud olan formatda müzakirə etmək olar,” – deyib.
Ermənistan Rusiyanın yaxın müttəfiqidir və illərdir ki, Gürcüstandan qopmuş Abxaziya üzərindən Rusiyaya keçən dəmir yolunun açılmasına çalışıb.
Bu arada Gürcüstanda da Altılıq platformasına qarşı reaksiyalar birmənalı olmayıb. Ötən ilin sonunda Gürcüstan Prezidenti təşəbbüsdə iştirakını təsdiqləsə də, daha sonra hökumət bunun mümkün olmadığını deyib.
“”Gürcüstanın Rusiya ilə istənilən formatda əməkdaşlığı yalnız bir şərtlə mümkün ola bilər. Rusiya Federasiyası beynəlxalq öhdəliklərini yerinə yetirəndən sonra Cənubi Qafqazda birgə əməkdaşlıqdan danışmaq mümkündür,” – Gürcüstan Xarici işlər nazirinin müavini Laşa Darsalia deyib.
Tbilisi əməkdaşlıqdan imtinanı sırf siyasi səbəblərlə əsaslandırır. Lakin qərarın arxasında iqtisadi məqamların olduğu qeyd edilir.
Onlardan biri budur ki, bölgədə yeni kommunikasiyaların açılması, Gürcüstanın tranzit ölkə kimi rolunu azalda bilər. Bu fikirdə olanlardan biri də, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Orucdur.
“Bölgədə bir açılım baş verərsə, bu deməkdir ki, müəyyən qədər Gürcüstanın iqtisadi tranzit mövqeyi, dominantlığı, mən istəmirəm deyəm tamamilə aşağı düşəcək, amma burada, hər halda dəyişiklər baş verəcək. Bu onları müəyyən qədər narahat edir”.
Təhlilçilərə görə, yaranmış vəziyyətdə Gürcüstanın iştirak edib-etməməsi həlledici rola malikdir. Bəs görəsən, o öz mövqeyini dəyişə bilərmi?
Bu məsələnin necə həll olunacağı Gürcüstanda gedən siyasi müzakirələrdən asılıdır, siyasi təhlilçi Fuad Şahbazov deyir.
“Baxmaq lazımdır ki, Gürcüstanın siyasi hakimiyyəti bunu gələn dəfə necə qələmə verəcək. Hansı şərtlər altında bu əməkdaşlığa razılıq verəcək. 3+3 formatının gələcəyi sırf bundan asılı olacaq”.
BBC News Azərbaycancaya danışan təhlilçilərə əsasən, hazırda Cənubi Qafqazda əməkdaşlıqdan birmənalı qazanc əldə edən ölkə Azərbaycandır.
“Çünki Azərbaycanda yeni bir dəhliz var. Coğrafi olaraq Azərbaycan üçün Gürcüstan və İranın tranzit ərazi kimi əhəmiyyəti azalır. Azərbaycan Türkiyə üzərindən Qara dəniz və Şərqi Avropa bazarlarına giriş əldə edir,” – siyasi şərhçi Fuad Şahbazov deyir.
Platformanın tərəfdarları Cənubi Qafqaz bölgəsində Moskva, Tehran və Ankaranın əməkdaşlığının faydalı tərəflərini qeyd edirlər.
Bəs, görəsən, fərqli və bəzən rəqib mövqelərdə olan bu regional gücləri əməkdaşlığa sövq edən hansı faktorlar ola bilərdi? Bu suala cavab verən Zahid Oruc ölkələrin Qərblə münasibətlərindəki problemləri göstərir.
“Bunlar baxırlar vəziyyətə ki, Rusiya da Qərblə çox ciddi sanksiyalar durumundadır. İran heç şübhəsiz ki, Tramp dövrünü ağır yaşadı. Onlar düşünürdülər ki, bəlkə Bayden yumşalmalara gedəcək, yenidən razılaşmalar mövqeyini qaytaracaq”.
Zahid Orucun dediyinə görə, Türkiyə ilə ABŞ münasibətləri də “ürək açan” durumda deyildi. Eynilə, Kreml Türkiyənin fəallaşmasından, onun “hansısa etnik-milli əsaslı ambisiyalı planlar”dan narahat olan “İran elitasını” da inandıra bilib.
“Yəni, vəziyyət bunları birləşdirir,” – Zahid Oruc deyir.
Altılıq platformasında ABŞ və Aİ kimi, bölgədən uzaqda yerləşən qüvvələr təmsil olunmasa da, bəziləri deyirlər ki, platformanın üzdə olmayan məqsədlərindən biri də, Qərb ölkələri üçün resurslarla zəngin Mərkəzi Asiyaya yol açmaqdır.
Fuad Şahbazova görə, Avropa Mərkəzi Asiyanın enerji resurslarında maraqlıdır ki, bu da Azərbaycan və Türkiyə vasitəsi ilə mümkün ola bilər.
“Buna görə də, Azərbaycan vasitəsilə, Xəzər dənizi vasitəsilə digər Mərkəzi Asiya ölkələrinə də daxil olmaq cəhdləri olacaq,” – deyən təhlilçi Xəzər dənizindəki yataqla bağlı Azərbaycanla Türkmənistan arasında əldə olunan son razılaşmanı qeyd edir.
“Artıq bilirik ki, Qazaxıstanın Azərbaycanla bir dəhlizi var, Transxəzər ticarət dəhlizi, buna Özbəkistan və Türkmənistanda qoşulandan sonra, demək olar ki, artıq Mərkəzi Asiyanın resurslu ölkələri Azərbaycan və Türkiyə bazarlarına keçid əldə edəcəklər,”- Fuad Şahbazov deyir.
Hazırda Altılıq platforması ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda onun gələcəyi ilə bağlı birmənalı fikir söyləmək çətindir. Hazırda aydın olan budur ki, ötən ilki 44 günlük İkinci Qarabağ müharibəsi bölgənin geosiyasi mənzərəsinə dərin təsirsiz ötüşməyib.
Millət vəkili Zahid Oruc da bu fikrə şərik çıxır: “Qafqazlarda yeni bir qüvvələr nisbəti formalaşır”.
BBC