Gorus-David Bek yolunun 21 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə qayıdacaq

Ermənistanın Sünik bölgəsindən keçən Gorus-David Bek yolunun 21 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə qayıdacaq. Bu xəbəri Ermənistanın yerli mediası Hraparak qəzetinə istinadən yayıb.

 

Məlumatda bildirilib ki, ikitərəfli razılığa əsasən, yolun bu hissəsi təxminən üç il Ermənistan və Azərbaycan tərəfindən birgə istismar ediləcək. Üç ilədən sonra isə yolun həmin hissəsi tamamilə Azərbaycanın nəzarətinə keçəcək.

 

Bu xəbər Ermənistanda etirazlarla qarşılanıb. Erməni sosial media istifadəçiləri Ermənistan hakimiyyətini Azərbaycana güzəştə getməkdə, əhaliyə hər şeyin yaxşı olacağı ilə bağlı vəd verməkdə ittiham ediblər.

 

Ermənistanın yerli Tert.am nəşrinin yazdığına görə, Ermənistanda hakimiyyətdə olan “Mənim addımım” parlament fraksiyasının təmsilçisi Hayk Gerogyan bir neçə gün əvvəl bu məsələ ilə bağlı deyib ki, yolun həmin hissəsi Ermənistanın beynəlxalq tanınan sərhədləri daxilində deyil.

 

O deyib ki, yolun həmin 21 kilometrlik hissəsi Azərbaycanın beynəlxalq tanınan sərhədləri daxilindədir və razılığa görə, Azərbaycan bu yolu bağlamayacaq.

 

Hələki, Azərbaycan tərəfi rəsmi olaraq bu məsələni şərh etməyib.

 

BBC