Avropa Məhkəməsi daha 21 Azərbaycan vətəndaşının şikayətini təmin etdi

Fevralın 18-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilən 3 şikayət üzrə qərarlarını elan edib.

 

Hüquqşünas Xalid  Ağaliyevin  Turan-a verdiyi məlumata görə,  “Məmməd Əzizov və Şahin Novruzlu Azərbaycana qarşı” işində AİHM iddia olunan pozuntuları tanıyıb. Məhkəmə hesab edib ki, onlara münasibətdə Konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq hüququ) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozuntusuna yol verilib. Azərbaycan hökuməti ərizəçilərə ümumilikdə 43 min 500 avro təzminat (Məmməd Əzizov – 20 min avro mənəvi zərər əvəzi, 1500 avro xərc və məsrəflərə görə; Şahin Novruzlu – 20 min avro mənəvi zərər əvəzi, 2000 avro xərc və məsrəflərə görə) ödəməlidir.

 

“M.Əzizov və Ş.Novruzlu Azərbaycana qarşı işi” məhkəməyə qədər həbsin və həmin həbs müddətinin uzadılmasının qanunsuz olması iddiaları ilə bağlıydı. Ərizəçilər bu işdə Konvensiyanın 5-ci və 18-ci maddələri ilə qorunan hüquqlarına müdaxilə olunduğunu iddia edirlər. M.Əzizov və Ş.Novruzlunu 2013-cü ildə MTN həbs etmişdi. 2014-cü ilin mayında M. Əzizovun 7,5 il, Ş.Novruzlunun isə 6 il azadlıqdan məhrum edilməsinə hökm verilmişdi. Həmin hökmdən də AİHM-ə şikayət edilib, hazırda araşdırılır.

 

Fatma Qəniyeva və başqa 17 nəfərin işi üzrə iddia olunan pozuntuların əksəriyyəti tanınıb. AİHM ərizəçilərin mülkiyyət hüququna müdaxilənin baş verdiyi qənaətinə gəlib. Qərara görə, hökumət ərizəçilərin hər birinə 13 min avro təzminat (maddi zərərə görə 10 min, mənəvi zərər əvəzi 3 min avro) ödəməlidir.

 

2009-cu ildə göndərilmiş bu iş mülkiyyət hüququ ilə əlaqəli idi. Ərizəçilərin iddialarına görə, onların Sabunçu rayonundakı bağ sahələri əllərindən alınmış, mülkiyyətlərindən istifadələrinə imkan verilməmiş, zəbt edilmiş və onlarla bağlanmış torpaq icarə müqavilələri məhkəmə qaydasında ləğv olunmuşdu.

 

İlqar Feyzovun işi üzrə iddia olunan pozuntu (azadlıq və toxunulmazlıq hüququ) tanınıb. Qərara görə, hökumət ərizəçiyə 5350 avro təzminat ödəməlidir.

 

“İlqar Feyzov Azərbaycana qarşı işi” hüquqi əsaslar olmadan tutulma, həbslə bağlı idi. Ərizəçi iddia edirdi ki, onun azadlıqdan məhrum edilməsi üçün qanuni əsaslar olmayıb, məhkəmə qərarı olmadan günlərlə həbsdə saxlanılıb. Ərizəçi azadlıq və toxunulmazlıq hüququna müdaxilə edildiyini mübahisələndirmişdi.

 

Basta