Rusiyadan çovğun gəlir

Milli Hidrometeorologiya Xidməti Azərbaycanda qışın ən soyuq gününün gözlənildiyini elan edib, Ermənistan müxalifəti itaətsizlik aksiyaları çərçivəsində bu gün baş nazir Paşinyanın baş çəkəcəyi gözlənilən hökumət binalarından birini “blokadaya almağı” planlaşdırır – daha ətraflı BBC News Azərbaycancanın icmalında.

 

Bu gündən başlayaraq Azərbaycanda bu qışın ən soyuq gününün olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ən soyuq günün fevralın 24-də olacağı deyilib.

 

Nazirliyin Milli Hidrometeorologiya Xidmətinin xəbərinə görə, havanın temperaturu Abşeronda mənfi 4-5 dərəcə ola bilər və bu da çoxillik normadan 7-8 dərəcə aşağı deməkdir.

 

Nazirlik soyuq havanın səbəbini Arktik hava kütlələrinin birbaşa şimaldan cənuba istiqamətlənərək, Azərbaycanı əhatə edəcəyi ilə izah edib. Məlumatda bildirilib ki, hazırda Mərkəzi Rusiyada havanın temperaturu 25-30 dərəcə şaxtadır və həmin havanın təsiri Azərbaycanda bu gün axşamdan öz təsirini göstərəcək.

 

“Soyuq antisiklonun təsiri ölkənin əvvəlcə şimal və şərq rayonlarında özünü göstərəcək və daha çox qarın həmin rayonlara yağacağı gözlənilir. Qarlı və güclü küləkli hava şəraiti çovğuna səbəb olacaq. Yollar buz bağlayacaq”, – Milli Hidrometeorologiya Xidməti bildirib.

 

Xəzər dənizinin hüquqi statusu razılaşması barədə nələri bilməliyik? Kür quruyur. Su problemi necə həll olunacaq?

Qurum bildirib ki, Bakıda atmosfer təzyiqinin xeyli yüksəlməsi meteohəssas insanlar üçün əlverişsiz olacaq.

 

Baş Dövlət Yol Polisi idarəsi də hava şəraitinin dəyişməsi ilə əlaqədar sürücülərə sürət həddinə, avtomobillərinin sazlığına diqqət etmələrini tövsiyə edib.

 

Polis piyadaları yol hərəkəti qaydalarına riayət etməyə, hava tutqun olduqda əlvan rəngli geyimlərdən istifadə etməyə çağırıb.