Xocalı caniləri cəzalanmalıdır – Elçibəy İnstitutunun açıqlaması
Elçibəy İnstitutu Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar açıqlama yayıb.
İnstitutun təsisçilərindən biri, Müsavat başqanı Arif Hacılının paylaşdığı açıqlamada deyilir:
Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı xalqımıza qarşı həyata keçirilmiş Xocalı soyqırımından 29 il keçir. Gələn il XX əsrin bəşəriyyətə qarşı işlənən ən dəhşətli cinayətlərindən biri olan bu hadisənin 30 ili tamam olacaq. 1992-ci il fevralın 26-da baş vermiş hadisə zamanı döyüş zonasından kənarda 613 nəfər dinc sakin xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilib, diri-diri yandırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub, körpə uşaqların gözləri çıxarılıb, süngü ilə hamilə qadınların qarınları yarılıb. 487 nəfər şikəst olub, 1275 nəfər mülki şəxs- qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz işgəncələrə məruz qoyulub. 150 nəfərin taleyi hələ də məlum deyil.
Xocalı qətliamı baş verdiyi ilk vaxtlardan Azərbaycan milli dövlət orqanları və müstəqil beynəlxalq Hüquq müdafiə təşkilatları tərəfindən soyqırım aktı kimi qiymətləndirilib. Hadisənin ilk müstəqil beynəlxalq ekspertizasını həyata keçirən, Azərbaycana dost münasibətdə olmayan, Qarabağ münaqişəsinə münasibətdə açıq ermənipərəst mövqe tutan D.Saxarov adına Memorial təşkilatının 1992- ci ilin mart-iyun aylarında hazırladığı rəydə törədilən hadisədə genosid əlamətlərinin müəyyən edildiyi qeyd olunub. Azərbaycan Xalq Cəbhəsi və Müstəqil Azərbaycan Deputat Blokunun səyi və iştirakı ilə Azərbaycan Ali Sovetinin “Azərbaycan Respublikasının Qarabağın dağlıq hissəsində vəziyyət, Xocalı genosidi və respublikada ictimai-siyasi şərait haqqında” 25 mart 1992-ci il tarixli qərarı ilə “1988-ci ildən başlayaraq Ermənistan ərazisindəki tarixi torpaqlarından, sonra isə Azərbaycan Respublikasının Qarabağın dağlıq hissəsindən milli mənsubiyyətinə, yəni yalnız azərbaycanlı olduqlarına görə dinc əhalinin qovulması, insan hüquqlarının pozulması, Qarabağın dağlıq hissəsində: Malıbəylidə, Qaradağlıda, Meşəlidə, Kərkicahanda və digər yaşayış məntəqələrində, xüsusilə Xocalı şəhərində minlərlə dinc əhalinin, qoca, qadın və uşaqların ən dəhşətli, amansız üsul və vasitələrlə kütləvi qırğını ilə nəticələnən Ermənistan Respublikasının düşünülmüş hərəkəti genosid kimi qiymətləndirilib”, bu barədə beynəlxalq təşkilatlara və dünya dövlətlərinə müraciət qəbul edildi. Həmin soyqırımda Müstəqil Dövlətlər Birliyinin ordu hissələrinin iştirakı xüsusi qeyd olundu. Dağlıq Qarabağda, o cümlədən Xocalıda soyqırım hadisələrinin təfsilatını aydınlaşdırmaq üçün səlahiyyətli deputat istintaq komissiyası yaradılıb, Azərbaycan Respublikasının ərazi bütövlüyünü və toxunulmazlığını, Qarabağın dağlıq hissəsinin əhalisinin təhlükəsizliyini təmin etmək üçün tədbir görməmiş vəzifəli şəxslərin dairəsinin müəyyənləşdirilməsi və onların ciddi cavabdehliyə cəlb edilməsi tələb olundu. Həmin qərarla yaradılmış deputat istintiq komissiyasının materialları hadisənin, xüsisilə dinc əhalinin döyüş zonasından kənarda xüsusi vəhşilik və qəddarlıqla qətl edilməsi, meyitlər üzərində zorakılıq aktı hərəkətlərinin ermənilər tərəfindən qəsdən törədilməsini toplanmış təkzibedilməz, açıq- aşkar dəlillərlə sübut etmiş, ermənilərin və onların havadarlarının özlərini müdafiə etmə cəhdlərinin əsassızlığını ortalığa qoymuşdur.
17 fevral 1993-cü ildə Dağlıq Qarabağda, o cümlədən Xocalıda Soyqırımı hadisələrinin təfsilatını araşdıran deputat istintaq komissiyasının işi yekunlaşdırıldı. Bununla əlaqədar keçirilmiş xüsusi iclasın qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisi Dağlıq Qarabağda, o cümlədən Xocalıda soyqırım hadisələrinin təfsilatını araşdıran deputat istintaq komissiyasının məlumatını dinləyərək Xocalıda baş vermiş hadisələrin Azərbaycan Respublikası Ali Sovetinin 1992-ci il 25 mart tarixli qərarı ilə soyqırımı kimi qiymətləndirilməsini təsdiq edib, məhkəmə istintaqının aparılması üçün Dağlıq Qarabağda, o cümlədən Xocalıda soyqırımı hadisələrinin təfsilatını araşdıran Deputat istintaq komissiyasının topladığı təhqiqat materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərildi. Həmin qərarla Baş Prokurorluğa tapşırıldı ki, Xocalı hadisələri ilə əlaqədar aparılan cinayət işinin istintaqının təşkili və gedişi barədə bir həftə ərzində, sonra isə ayda bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Milli Məclisinə məlumat versin. Bundan əlavə Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları və millətlərarası münasibətlər, Xarici işlər komissiyalarına tapşırıldı ki, Xocalı soyqırımı barədə həqiqətləri Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar vasitəsilə dünya ictimaiyyətinə çatdırsınlar. Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komissiyasına tapşırıldı ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 169-cu maddəsinə əlavə edilməsi barədə deputat istintaq komissiyasının təklifini Milli Məclisin müzakirəsinə versin; Azərbaycan Respublikasının hökumətinə tapşırılsın: deputat istintaq komissiyasının təklifini nəzərə alaraq Xocalı soyqırımında həlak olanların xatirəsini əbədiləşdirmək üçün xatirə abidəsinin qoyulması yerini və müddətini müəyyənləşdirib inşasını təmin etsin; Xocalı soyqırımı ilə əlaqədar daimi yaşayış yerlərini tərk etmiş və ailə başçılarını itirmiş məcburi köçkünlərin maddi və mənəvi tələbatını müntəzəm öyrənib hərtərəfli təmin etmək üçün tədbirlər proqramı hazırlayıb həyata keçirsin.
1993- cü ilin iyun ayında Azərbaycanda hərbi qiyam nəticəsində baş vermiş siyasi dəyişiklikdən sonra hakimiyyətə gəlmiş qüvvələrin Xocalı soyqırımı hadisəsindən öz daxili siyasi məqsədləri və opponentlərinə qarşı mübarizədə istifadə hallarına baxmayaraq, Xocalı soyqırımı haqqında həqiqətin ölkədə, dünyada tanıdılması üçün mühüm tədbirlər də həyata keçirilmişdir. 1994- cü ildə Xocalı gününün keçirilməsi haqqında AR Prezidentinin fərmanı verilmiş, hər il Xocalı yürüşlərinin keçirilməsi, tədris müəssisələrində, təşkilatlarda bu hadisənin qeyd olunması, bu mövzuda elmi tədqiqatların aparılması, yaradıcılıq müsabiqələrinin keçirilməsi, məktəblərdə tədris proqramına daxil edilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində geniş təbliğ və tətbiq olunması qeyd edilməlidir. Xarici ölkələrdə aparılan “Xocalıya ədalət” kampaniyasının səmərəli nəticələri vardır. Xocalı hadisəsinin hər il dövlət tədbirləri səviyyəsində, dövlət rəhbərliyinin iştirakı ilə qeyd olunması bu məsələnin diqqət mərkəzində saxlanmasında diqqətəlayiq cəhətlərdəndir. Nəticədə dünyanın bir sıra ölkələrinin parlamentlərində, özünüidarə orqanlarında Xocalı soyqırımının tanınması baş tutmuş və bu proses davam edir.
Keçən müddətdə Xocalı soyqırımı üzrə cinayət işi materialları əsasında hazırlanmış mürəciətlərin baxılmaq üçün beynəlxalq təşkilatlara, o cümlədən Avropa insan Haqları Məhkəməsinə göndərilməsi də qeyd olunmalıdır. Qanunsuz erməni silahlı birləşmələri tərəfindən Dağlıq Qarabağda və işğal olunmuş digər ərazilərdə törədilən cinayət əməlləri 1 oktyabr 2000-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı fəslində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə cinayətlərə aid edildikdən sonra Xocalı soyqırımı üzrə cinayət işi AR Baş prokurorunun 30 mart 2009-cu il tarixli əmrinə əsasən, respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin tərkibində Xüsusi istintaq şöbəsi yaradılaraq yuxarıda göstərilən cinayət işinin istintaqı həmin şöbəyə həvalə edilib. Həmin Xüsusi istintaq şöbəsi tərəfindən beynəlxalq hüquq normalarına uyğun soyqırımı, deportasiya, işgəncə və digər epizodlar üzrə hərtərəfli istintaq hərəkətləri aparılıb, nəticədə 2011-ci il yanvarın 1-dək sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətmiş 239 nəfər, habelə ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adam öldürmə və digər cinayətlər törətmiş 48 nəfər barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarları çıxarılıb. Məhkəmə qərarlarına əsasən, onların barəsində həbs qəti imkan tədbiri seçilib, axtarış elan edilib, bununla bağlı müvafiq sənədlərin aidiyyəti orqanlara göndərilməsi təmin olunub.
Cinayət işi araşdırlarkən müəyyən edilib ki, Ermənistanın sabiq prezidentləri Robert Köçəryan, Serj Sarkisyan, keçmiş müdafiə naziri Sehran Ohanyan Xocalı soyqırımının birbaşa təşkilatçıları və iştirakçılarıdır. S.Sarkisyan mətbuata açıqlamalarında azərbaycanlılarda qorxu, vahimə yaratmaq məqsədilə Xocalı soyqırımını törətmək ideyasının ona məxsus olduğunu təsdiq və etiraf edib. Hazırda Azərbaycana qarşı terrorçuluq fəaliyətini davam etdirən qondarma “Artsax”ın Təhlükəsizlik Şurasının rəhbəri V. Balasanyan və qeyriləri də Xocalı cinayətkarları arasındadır. Xocalı soyqırımını həyata keçirən Ermənistan hərbi birləşmələri, Dağlıq Qarabağdakı silahlı separatçı birləşmələr, keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı alayının hərbçiləri tərəfindən dünya dövlətlərinin qəbul etdiyi beynəlxalq hüquq normalarına da riayət edilməyib. 366-cı alayın hərbi qulluqçularının və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilmiş, onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyəti nəzərdə tutan maddələri ilə təqsirləndirilən şəxslər kimi istintaqa cəlb olunmaları barədə qərarlar çıxarılıb. Həmçinin barələrində məhkəmələr tərəfindən həbs qəti imkan tədbiri seçilib və beynəlxalq axtarışlarının həyata keçirilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Milli Bürosuna göndərilib.
Lakin 1993-cü ildən sonra Xocalı soyqırımı hadisəsinə görə qaldırılmış cinayət işi məhkəməyə göndərilmək üçün hazır və bu cinayətin kimlər tərəfindən təşkil olunub, həyata keçirilməsinin məlum olmasına baxmayaraq, yekunlaşdırılmamış qalmaqda, əsassız olaraq uzadılmaqda davam edir. 30 il keçməsinə baxmayaraq XX əsrdə müddətin keçməsinin şamil edilmədiyi insanlıq əlehinə törədilmiş ən qəddar cinayətlərindən biri olan Xocalı soyqırımına görə hələ də məhkəmə hökmü və təqsiri məhkəmə hökmü ilə təsdiq edilmiş bir təqsirkar belə yoxdur .
Xocalı hadisələrinin beynəlxalq hüquq tərəfindən soyqırım cinayəti aktı kimi tanınmasının hüquqi nəticələrinin müstəsna əhəmiyyətini qəbul edərək və buna nail olmaq üçün beynəlxalq məhkəmə və tribunallarda baxılması və qərar çıxarılmasına nail olmaq istiqamətində səylərin davam etdirilməsinin əhəmiyyətini qəbul edərək, Elçibəy institutu Xocalı hadisəsinin təqsirkarlarının Azərbaycan milli məhkəməsində mühakimə edilməsi və müvafiq hökm çıxarılmasını mümkün və zəruri hesab edir. Qüvvədə olan beynəlxalq hüququn soyqırım cinayətlərinə görə əsas mənbəyi olan “Genosid cinayətinin qarşısının alınması və cazalandırılması haqqında” Konvensiyanın 6- cı maddəsinə görə “Soyqırımında, yaxud 3-cü maddədə sadalanan əməllərdə ittiham olunan şəxslər həmin əməllərin törədildiyi dövlətin ərazisindəki səlahiyyətli məhkəmədə, yaxud yurisdiksiyası onun yurisdiksiyasını tanımış bu Konvensiya Tərəflərinə şamil olunan beynəlxalq cinayət məhkəməsində mühakimə edilməlidirlər”. Beləliklə Azərbaycan Məhkəməsi Xocalı soyqırımı üzrə toplanmış istintaq materialları əsasında məhkəmə prosesi təşkil etməli,əgər təqsirli şəxs qismində cəlb edilmiş şəxslərin məhkəmədə birbaşa iştirakını təmin etmək obyektiv səbəblərdən mümkün deyildirsə, bu məhkəmə onların iştirakı olmadan keçirilməli, prosesin tam şəffaf olması təmin edilməli, bu məqsədlə ittiham edilən şəxslərə hər cür müdafiə şəraiti və imkanları yaradılmaqla, beynəlxalq hüquq ictimaiyyəti arasında tanınan mütəxəssis və ekspertlərin iştirakı təmin edilməlidir.
Elçibəy İnstitutu hesab edir ki, 2020- ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin erməni təcavüzkarları üzərində qazandığı qələbə, işğalçılara, terrorçulara, qadın və uşaq qatillərinə vurduğu sarsıdıcı zərbə Xocalı qurbanlarının qisasının alınması, bu məsələdə ilahi və tarixi ədalətin təcəllisi kimi qəbul olunduğu kimi, Xocalı Məhkəməsinin ədalətli hökmü də bu baxımdan anlamlı və əhəmiyyətli olacaqdır.