Müsavat Laçın dəhlizinə Azərbaycan və Türkiyədən olan müşahidəçilərin yerləşdirilməsini tələb edir
Martın 1-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, mərkəzi qərargahda keçirilən iclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib.
Daha sonra ölkədə və regionda baş verən hadisələr haqqında fikir mübadiləsi aparılıb.
İclasda Ermənistanın Qarabağa hərbiçilər göndərdiyi barədə məlumat müzakirə olunub. Qeyd edilib ki, onların guya gizli yolla tikinti materialları daşıyan maşınlarda Laçın dəhlizi ilə Qarabağa hərbi xidmətə göndərildiyi iddia olunsa da, bu, Rusiyadan xəbərsiz ola bilməzdi.
Müsavat Divanı Ermənistan hərbiçilərinin hazırda Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi Azərbaycan Respublikasının ərazilərinə göndərilməsini qətiyyətlə pisləyir və buna son qoyulmasını tələb edir. Müsavat Rusiya sülhməramlılarının öz mandatına uyğun fəaliyyət göstərmədiyini, əslində separatçı rejimin himayəçisi kimi çıxış etdiyini nəzərə alaraq, Laçın dəhlizindəki buraxılış məntəqələrinə Azərbaycan və Türkiyədən olan müşahidəçilərin yerləşdirilməsini tələb edir.
İclasda uyğur türklərinə qarşı Çində həyata keçirilən soyqırım siyasəti pislənilib. Uyğurlara qarşı soyqırımın Kanada və Hollandiyada parlamentlər səviyyəsində tanınması barədə məlumat verilib. Müsavat Divanı uyğurlara qarşı soyqırımın tanınması ilə Azərbaycan parlamentində müzakirələrin açılmasını zəruri sayır. Divanda bunula bağlı Milli Məclisə rəsmi müraciətin ünvanlanması qərara alınıb.
Basta