Elmar Hüseynovun qətlindən 16 il ötür

Bu gün “Monitor” jurnalının baş redaktoru, Əliyevlər hakimiyyətinin sərt tənqidçisi Elmar Hüseynovun qətlindən 16 il ötür.

 

Qətldən dərhal sonra ictimai etirazlar fonunda ölkə başçısı İlham Əliyev qatillərin 40 gün müddətində tapılacağına söz verdi və istintaqı nəzarətə götürdü.  Lakin jurnalistin qətlinə görə bu günəcən heç kim cəzalanmayıb.

 

ABŞ və Türkiyə xüsusi xidmət orqanlarından mütəxəssislər dəvət olunub. Az sonra istintaq Tahir Xubanovla Teymuraz Əliyevin qətli törətdiyini və onların Gürcüstanda gizləndiklərini açıqlayıb. Amma həmin şəxslər hələ də həbs olunmayıb.

2014-cü ildə E.Hüseynovun atası Sabir Hüseynov xərçəng xəstəliyindən dünyasını dəyişib. Mərhum jurnalistin ölümündən qısa müddət sonra onun həyat yoldaşı Ruşaniyyə Hüseynova oğlu Aslanla birgə Norveçə mühacirət edib.

1967-ci ildə Bakıda anadan olan Elmar Hüseynov jurnalistikaya 1990-cı illərin əvvəllərində gəlib. Bir neçə rusdilli media quruluşunda çalışıb, daha sonra “Monitor” jurnalını təsis edib, onun baş redaktoru olub.

 

Elmar Hüseynov “Monitor” jurnalının baş redaktoru olduğu vaxt, 2005-ci il martın 2-də Bakıda odlu silahla qətlə yetirilib.

 

Jurnalist Bakıdakı Qurd qapısı qəbiristanlığında dəfn olunub.

 

 

Basta