Bayden Putinə hansı mesaj göndərib?

Kamran Cəfərov

 

Co Baydenin Vladimir Putini ”qatil” adlandırmağı bütün dünyada siyasi qasırğaya səbəb oldu. Rusiya mediası qaynayır. FSB, QRU və SVR-ın kurasiyasında olan media resurslar gecə-gündüz ”Rusiya ABŞ-ı məhv edəcək”, ”Baydenə nüvə silahlarımızla cavab verərik” və s. kimi absurd başlıqlarla xəbərlər paylaşırlar.

 

Rusiyadan maliyyələşən Avropa siyasətçiləri Co Baydeni qınayırlar və sözlərini geri götürməyə çağırırlar. Rusiyanın xarici işlər naziri Lavrov dərhal Rusiyanın ABŞ-da fövqəladə və səlahiyyətli səfiri məsləhətləşmələr üçün geri çağırdı. Putinin mətbuat katibi Peskov Baydenin bu sözlərini ”çox pis sözlər” kimi qiymətləndirdi. Putinin özü isə uşaq bağçası illərini yadına salaraq ”mənə kim nə deyir elə özüdür” tezisini irəli sürdü. Həqiqət isə ondan ibarətdir ki, Rusiya mediasında divan qəhrəmanları ”ABŞ-ı yerləyeksan” edən zaman, siyasi elita öz çətin durumunu çox gözəl anlayır.

 

İllərlə Rusiya özünə fövqəldövlət, hegemon imicini qurur, amma nəyin bahasına və hansı meyarlarlara əsasən?

 

Hibrid müharibələr, xarici ölkələrdə muzdluları və təxribatçıları yerləşdirilməsi, qondarma respublikaların yaradılması, dondurulmuş münaqişələrin yaradılması və həllinə mane olması, xarici ölkələrin seçkilərini müdaxiləsi, iqtisadi şantaj, kiber cinayətlər, şübhəli peyvəndlərin ixracı və s. kimi çirkin vasitələrlə istifadə edərək, özünü böyük geosiyasi oyunçu hesab edir.

 

Co Baydenin mesajının açıqlamasını vermək istəyirəm.

 

Rusiya fövqəldövlət deyil. Rusiyanın super gücü, sadəcə informasiya məkanında şişirdilmiş əfsanədir. Bütün dünyada dövlətlərarası ticarət dollar və avro ilə gedir. Rusiyada isə, hətta öz vətəndaşları rubllarda maaş almaq istəmirlər.

 

Rusiya  sadəcə böyük yanacaq doldurma məntəqəsidir. Misal üçün Rusiyanın ÜDM-i 1.658 trilyon dollardır, ABŞ-ın isə 20.54 trilyon. Rusiya sadəcə terror dövlətidir və Co Bayden demişkən, Rusiya təhlükədir, rəqib deyil. Təhlükəni isə ya aradan qaldırırlar, ya da… bütün metodlara əl ataraq aradan qaldırırlar.

 

Bu ”soyuq müharibə” deyil və ola da bilməz. Rusiya SSRİ deyil. ”Soyuq müharibə” dövlətlərin mübarizəsi deyildi, ideologiyaların mübarizəsi idi. Bəs bu gün Rusiya hansı ideologiyanı təbliğ edir? Dünyaya nə vermək, nə gətirmək, nə təklif etmək istəyir? Heç nə! Və heç bir ideologiya yoxdur. Nə ideologiya, nə də ki siyasi, iqtisadi, hərbi müstəvidə mübarizə aparmağa potensial var. Məhz buna görə də bu terrorçu dövlət(hakimiyyət) məhvə məhkumdur.

 

Gəlin hər şeyi öz adı ilə çağıraq, Azərbaycan de-fakto Rusiyanın müstəmləkəsidir, İlham Əliyev isə Vladimir Putinin vassalıdır. Kimsə mənə Əliyevin hansı idarəetmə prinsiplərinin əsasında ölkəni idarə etdiyini deyə bilər? Yox. Ona görə ki, ideologiya yoxdur. Sadəcə kleptokratik prinsiplər. Kimsə kiçik oğru, kimsə ondan daha böyük oğru, fərq miqyasdadır, mahiyyət eynidir.

 

Buna görə də, əziz dostlar, Putinin də, Əliyevin də aqibəti eyni olacaq. Bunu mən yox, bunu tarix deyir…Və Co Bayden.