Heç kim anadan cinayətkar doğulmur

 

 

Bu yaxınlarda özünü İslam dünyasının simvolu kimi qələmə verməyə çalışan qonşu İranda daha 4 nəfərin edamı xəbəri yayıldı.

 

Adamın ürəyini elə ağır bir qüssə bürüyür ki, fantastik qüvvə arzulayırsan qabaqlayıb kəsməyə o dar ağacının kəndirini.

 

Bu cür bir qüssə hissini mən M.Ə.Rəsulzadənin “İrani-Nov” qəzetində dərc etdiyi “Tehrandan məktublar” silsilə məqalələrindən bir hissəni oxuyarkən keçirmişəm. O, qeyri-adi təəssüflə təsvir edir ki, İran camaatı öz soydaşlarının edamına sanki teatr tamaşasına baxmaq üçün tələsir.

 

Xalqın mənəvi miskinliyə məhkumluğu bu böyük insanın qəlbini necə də incidirmiş. Belə bir cəza dərsi də, bir neçə ayın söhbətidir, Şimali Koreyada baş tutdu. Balıqçı gəmisində balıqçıların gözləri qarşısında onların heyət rəhbəri edam olundu. Səbəbi isə onun 15 ildir ki, Amerikanın “Press-Azadlıq” radiosunu dinləməyini etiraf etməsi olub.

 

Hər bir dövlət ölkəsində cinayətkarlığın qarşısını almağa təsir edən cəza növü seçir. Amma bir də bunu tənzimləyən cəmiyyət var.  Demokratiyanın beşiyi sayılan ABŞ-da polis təqib etdiyinin nəfəsini kəsib öldürdü, amma cəmiyyətin buna təpkisi o qədər güclü oldu ki, az qala yer yerindən oynadı. Son nəticədə növbəti seçkidə ölkədə hakimiyyət dəyişdi.

 

Bir az da öz diyarımız Azərbaycandan danışaq. Bir neçə onillik ərzində dəfələrlə məhbusların əfv edilməsi prosesi həyata keçirilib. Bu günlərdə növbəti olaraq 600-dən çox məhbus azadlığa buraxıldı.

 

İlk vaxtlar həqiqətən də adam təəccüblənirdi ki, görəsən bunun bir müsbət təsiri varmı?

 

Praktiki olaraq isə çox olmasa da, ətalətin insan cəmiyyətindən qovulmasına kömək olduğunu görürük. Bir çoxları özünü dəyişdirmək gücü əldə edə bilməsə də, islah yolunu tapanlar da olur. Belə işlərin yenicə başlandığı vaxtda, əfv komissiyasının fəaliyyəti barədə məlumatda bildirilirdi ki, bir nəfər əfvə düşən (ad, soyad yadıma düşmür) dustağın ailə üzvləri komissiyaya məktub yazmışdılar ki, xahiş edirik bizim oğlumuzun adını əfv siyahısından çıxarın, bizə məktubda yazıb ki, burdan çıxan kimi sizin hamınızı qıracam.

 

Hansısa filosofun sözüdür: “Heç kim anadan cinayətkar doğulmur”. Saf uşaq mühitindən sərbəst həyata keçən zaman hər kəsi bir sürpriz qarşılayır. Yəni insanları cinayətə təhrik edən özləri yox, nə vaxtsa yaradılan və qurbanlarını gözləyən cinayətkar mühitdir.

 

İnsanlığın əzab-əziyyətlərdən xilas yollarından birincisi cinayətkar mühitin ləğv edilməsidir. Məsələn, sayı günbəgün artan narkoman gəncləri deyil, onları bu hala gətirən ticarət şəbəkəsini hədəfə almaq lazımdır. Hər halda İran, Şimali Koreya və s. irtica rejimlərinin hakim olduğu ölkələrlə müqayisədə biz öz Azərbaycanımızla fəxr edə bilərik!

 

Nəzakət Muradova